Dünyanın ən böyük gölü

22ss...gYW9
15 Feb 2024
41

Böyüklüyünə və bəzi fiziki-coğrafi xüsusiyyətlərinə görə Xəzər dəniz hesab olunur.
Əslində isə o, dünya okeanı ilə bilavasitə əlaqəsi olmayan ən böyük göldür. Avropa və Asiyanın sərhədində yerləşir. Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunub. Xəzər dünyada ən böyük qapalı su hövzəsidir.
Xəzərin sahəsi 371 min km2, sahil xəttinin ümumi uzunluğu (perimetri) isə 6380 km-dir. Ən enli yeri 466, ən ensiz yeri 204 km-dir. Suyun duzluluğu 13 faizdir, bu, dünya okeanında olduğundan üç dəfə azdır.
Xəzər dənizinin səviyyəsi dünya okeanından xeyli aşağıdır və o, enib-qalxmalara meyillidir. Xəzərin şimal hissəsi azsuludur, onun orta dərinliyi 5 metr, maksimal dərinliyi 25 metrdir. Orta hissənin dərinliyi 180 metrdir, bəzi yerlərdə (Dərbənd çökəkliyi) bu göstərici 790 metrə çatır. Dənizin cənub hissəsi dərindir, burada maksimal dərinlik (Lənkəran çökəkliyi) 1025 metrdir.
Xəzərə əsasən şimaldan və qərbdən 130 iri və xırda çay tökülür. Onların içərisində Volqa xüsusi seçilir. Ümumi illik axının 90 faizi üç çayın - Volqanın (80 %), Kürün (6 %) və Uralın (5 %) payına düşür.
Minillərə dayanan tarix

Mütəxəssislərin fikrincə, Mezozoy erasının başlanğıcında 30 min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələrini su basdığına görə dəniz əmələ gəlmişdir.
Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq, suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi Qara dəniz hövzəsindən tədricən ayrılmışdır.
Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar.
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə. VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır.
Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca "canavarlar ölkəsi” deməkdir) yaranmışdır. Ümumilikdə müxtəlif dövrlərdə, müxtəlif xalqlar arasında Xəzər dənizinin 70-ə qədər adı işlədilib.
Bu hövzə özünün gözəlliyi, sirli aləmi ilə hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, bəzi dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur. Xəzərdəki neft haqqında tarixi fakt məlumdur: e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına görə, hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olub-olmaması haqda mübahisələrə son qoymaq məqsədilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr vermişdir.
lakin İsgəndərin ölümü bu məsələni 40 il geri salır. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirir. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla əmr edir ki, bütün sahilboyu səfər etsin. Burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi.
Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanır. İlk xəritəsi 1616-1617-ci illərdə çəkilib. Xəzərin yeni və daha dəqiq xəritəsi 1717-ci ildə tərtib olunub. 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsi nəşr edilib. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırlayıb. 1874-cü ildə isə iki cildlik "Qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik” adlı bütöv atlas çap olunub.
XIX əsrin sonlarından isə Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sayəsində aşkar olunub.
"Dəniz hər il bir ovuc içi qalxmış və bir neçə yaxşı şəhərləri basmışdır”. Bu cümlə 1320-ci ildə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində yazılmışdı. Deməli, Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir
Xəzərin zəngin sərvəti

Xəzərin altı da, üstü də qızıldı. Bu dənizin fauna və florasının özünəməxsus zənginliyi var. O, digər dəniz və göllərdən seçilir. Xəzərin sahil zonasında üç qoruq yaradılıb: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda Xəzər.
Xəzərdə 920-ə yaxın heyvan növünə rast gəlinir. Burada nərə cinsli balıqların bir neçə nadir növü var. Dünyadakı nərə balıqlarının təqribən 85 %-i Xəzər dənizində yaşayır.
Xəzər dənizində 10 milyona qədər quş qışlayır. Kambaladan başqa bunların hamısı Azov və Qara dənizdən gəlib, Xəzər dənizində inkişaf və böyümək üçün əlverişli şərait tapıb. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlar adlanır. Xəzər dənizi xüsusən qu quşlarının iri qışlama yeri kimi məşhurdur. Hər il 12 milyonadək quş miqrasiya zamanı bölgədən keçir və daha 5 milyon quş qışlamaq üçün burada qalır.
Xəzər dənizində 121 məməli növündən yalnız biri yaşayır. Bu, Xəzər suitisidir ki, ona başqa heç bir dənizdə rast gəlinmir. O, dünyada ən kiçik suitidir, uzunluğu 160 sm, çəkisi 100 kiloqramdır. Xəzər suitisinin populyasiyasının ölçüləri XX əsrin əvvəlindəki 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalıb. 1993-cü ildə Xəzər suitisi "Qırmızı kitab”a daxil edilib.
Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur. Xəzər dənizində, eyni zamanda böyük karbohidrogen yataqları var. Onun Azərbaycan sektorundan böyük miqdarda neft və qaz hasil olunur. Xəzər dənizinin əsas sərvəti dibindəki neft və qazdır. İlk dəfə məhz burada dənizdə neft hasilatı əldə edilib...…

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

3 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.