Səttar xan

8quM...2m9N
16 Feb 2024
34

Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir.
1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfası olan Alarlılar ilə birgə yaşayır.
1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanın əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir.


1910-cu il mart ayının 6-da Səttar xan silahdaşı Bağır xan ilə birlikdə 300 nəfər fədai ilə Tehrana yola düşür. 1910-cu ilin 7 avqustunda şah qoşunları və daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir.


Səttar xanın tam doğum tarixi hələ də dəqiq bilinmir.Doğum tarixini təxmini qeyd edən İ. Əmirxizi bu məlumatı Səttar xanın qohumlarından ala bilib, Səttar xanla bağlı araşdırmalar aparan digər iranlı tədqiqatçılar da öz əsərlərində İ. Əmirxizinin yazdığına əsasən istinad veriblər. İ. Əmirxizinin qeyd etdiyi tarix 1867–1868-ci illər ətrafındadır. Heç bir əsası olmayan digər bir mənbədə isə Səttar xanın 19 avqust 1868-ci ildə doğulduğu qeyd olunub.
Qafqazşünas P. Petroviç də 1908-ci ildə yazırdı ki Səttarxanın təxminən 45 yaşı var. O da öz fikrini Səttar xana yaxın Məşrutə hərəkatı iştirakçılarından alınan müsahibəyə əsasən yazmışdır.Doğum tarixi ilə bağlı bir başqa versiyanı da 1908-ci ildə Təbrizdə Rusiya baş konsulluğunun katibi olan və o dövrdə Səttar xan haqqında məlumat toplayan S. P. Qolubinov vermişdir. Qolubinovun 1920-ci ildə verdiyi hesabata əsasən Səttar xan 1860-cı illərin əvvəlində doğulmuşdur.
Səttarxan Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olmuşdur.Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi "qaradağlı" deyilməsi sübut edir lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur.Azərbaycan Sovet Ensiklopediyasına görə o Qaradağ vilayətinin Məmmədxanlı mahalında (hazırda Mincivan) anadan olub.Alman islamşünas Anya Pistor Hatam isə onun doğum yeri kimi Canəli kəndini göstərir.
Səttar xan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Səttar xandan başqa dörd qızı və iki oğlu olub.


P. Petroviçə görə Səttar xan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olmuşdur. İ. Əmirxizinin yazdıqlarına görə İsmayılı edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.
1888-ci ildə Səttarı yenidən həbs edirlər bu dəfə onu Ərdəbildə yerləşən və xüsusi nəzarət olunan məhbusların saxlanıldığı Narın qalaya yerləşdirirlər. Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Mərəndə gedənə qədər şahsevənlərdən olan yurtiçi və alarlı tayfalarına qoşulur və onlarla birgə yaşayır. Əmirxiziyə görə Səttar xanın həbs olunması və həbsxanada keçirdiyi illər onu şah rejiminə qarşı daha da amansız edir. Sonrakı illərdə Səttar Mərənd-Salmas-Xoy yolunu mühafizə edən dəstədə xidmət edir. Bu işi tərk etdikdən sonra əvvəl Tehrana, sonra isə Xorasana gedir.
Səttar xanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. "Russkie vedomosti" qazetinə görə Səttar xan bir müddət Zaqafqaziyanın sənaye mərkəzlərində, İrəvan dəmir yolunun çəkilməsində, kərpic zavodlarında və beş il müddətində Bakı mədənlərində işləyib.Bəzi mənbələrə görə isə Məşrutə inqilabına qədər o, Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Lakin rus tədqiqatçı P. Petroviçin etirafına görə o özü də 1893–1908-ci illər arasında Səttar xanın fəaliyyəti haqqında dəqiq məlumatlara sahib deyil.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to eserifov

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.