Azərbaycan təbiətinin gözəlliklərindən biri – Qırqovul

8quM...2m9N
13 Jan 2024
39

Qırqovul Azərbaycan təbiətinin gözəlliklərindən biridir. Qədim mətbəximizin ətirli plovlarından biri isə qırqovulplovdur. Təbiətin bu nadir, rəngbərəng və nəsli kəsilməkdə olan canlısı haqqında bildiklərimiz və bilmədiklərimiz var. 



Qızılı qırqovul - Qızıl qırqovul Çində, dəniz səviyyəsindən 2000 metr yüksəkdə, Tibetin dağ meşələrində yaşayır. Lələklərinin rənginə görə dişilər daha cazibədar olur, nəinki erkəklər. İlin çox hissəsini bu gözəl qırqovullar tək-tənha gəzib-dolaşır, bahar gələndə isə özlərinə dost axtarmağa başlayırlar. Gündüzlər yerdə gəzir, yarpaq, ot və çiçəklərlə qidalanır, gecələr isə vəhşi heyvanlara yem olmamaq üçün ağacların ən yüksək budaqlarına çıxır və yatırlar. Çində qırqovul ovçuları çoxdur və qızıl qırqovul düşünür ki, ovçulardan yalnız bu üsulla xilas olmaq mümkündür. Çində ona qızıl toyuq da deyənlər var. “Qızıl qırqovul” yəqin ki, öz gözəlliyinə və əsil-nəcabətinə görə imperator xanımına deyilən addır. Bu quş dağlarda, sıldırım qayalıqlarda yaşayır, çox sıx və rütubətli meşələri sevmir.



Uzunluğu 100-115 santimetr olur. Amma onun gözəl və rəngbərəng quyruğu bu uzunluğun 65-70 santimetr hissəsini özünə götürür. Olduqca ehtiyatlı quşdur. Təhlükə vaxtı yaxşı qaçır, hətta bəzən qanadlanıb uçur da. Sərt və yüksək səsi var. Qızılı qırqovulun səsi çox gəlirsə, deməli o, yuva qurur, yumurta qoymağa hazırlaşır. Yuva sıx kolluqda qoyulmuş bir-iki çəngə otdan ibarət olur. O, otun üstündə dişi qırqovul yumurta qoyur, kürt yatır və bala çıxardır. Bu işlərin heç birində atanın xidməti olmur. Ətcəbalalar da yuvada yaşamağı sevmir. Erkən aylarda yuvanı tərk edib, ana qırqovulla bərabər ağaclarda gecələyirlər.



Almaz qırqovul - Ona bəzən “çiçək qırqovul” da deyilir. Çində, Birmada və Tibetdə yaşayır. Nağılabənzər gözəllik sahibi olan qırqovullar elə ərazidə yaşayırlar ki, gözəlliklərini insan gözü görmür. Tikanlı kolluqlar, qaranlıq bambuk meşələri və gözəl almaz qırqovulları. Kim görür ki, onları?! Xəzan olmuş payız yarpaqlarının arasından öz ləzzəti damaqlarda qalan qidasını – soxulcan və qarışqa sürfələrini axtara-axtara sakit və əlahiddə ömür sürür almaz qırqovulları. Qış gələndə almaz qırqovulları uca zirvələrdən bir qədər aşağı enir, soyuq küləklərdən və tufanlardan qorunmaq üçün bir qədər dalan yerlərdə məskən salırlar.


Gümüşü qırqovul - Gümüşü qırqovulun latın dilində olan adında iki tanrıçanın adı birləşib – Nikta və Hemera. Məşhur bioloq Karl Linney ona bu adı qoyanda yəqin ki, gümüşü qırqovulun gözəlliyinə valeh olub. Onları qızılı qırqovullardan ən çox ayıran fərq lələklərinin rəngi və davakar olmalarıdır. Erkəkləri təkcə özündən çox böyük quşlara deyil, hətta insana da hücum edə bilir. Bambuk meşələrində onların səsi gəldisə, deməli yumurta qoymağa hazırlaşırlar. Çayın sahili artıq tutulub. Bir kimsə ora yaxın düşə bilməz. Axı onlar su hövzələrinin yaxınlığında gəzişməyi sevirlər.

 




BULB: The Future of Social Media in Web3

Learn more

Enjoy this blog? Subscribe to eserifov

2 Comments