Mircəfər Bağırov

8quM...2m9N
29 Feb 2024
46

Azərbaycan tarixinin ən ziddiyətli şəxslərindən biri də Mircəfər Bağırovdur. Onun ünvanına “yaxşı, ləyaqətli insan” sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü “məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır”, deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə çox ciddi şəkildə namus təəssübkeşliyi idi.



Moderator.az saytının təqdim edəcəyi bu detal öz təsdiqini tapır. Yazıda folklorşünas Sədnik Paşa Pirsultanlının oba-oba gəzərək Bağırov haqqında topladığı xatirələrdən ibarət “Mir Cəfər Bağırov yaddaşlarda” kitabından istifadə edilib:

Bağırov Gəncəyə -Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mükafatlandırmağa gedir. İnstitutun kimya korpusunun qabağına çatanda görür ki, tələbələr yol ilə gedən qızları qartopuna tuturlar. O, maşını geri döndərtdirib Bakıya qayıdır. Ağayev soyadlı professoru institutun rektoru vəzifəsindən azad edir və ona bir teleqram göndərir: “Ağayev, institutun çölündə tərbiyə olmasa içində heç olmaz”.


****

Bir qoca danışırdı ki, mən Mircəfər Bağırovun yanında adyutant işləyirdim. Bir gün işə gedərkən küçədə bir gəlin yaxınlaşdı və dedi ki, imkanın olsa, bu məktubu Bağırova çatdır: "Mənim qardaşım günahsız yerə sürgünə göndərilib. Bəlkə heç bundan Bağırovun xəbəri yoxdu".




Mən zərfi alıb işə yollandım. Yoldaş Bağırov işə gəldi, zərfi alıb içəri daxil oldum. Gəlinin söylədiklərini danışdım və zərfi verdim. Bir qədər sonra Bağırov göstəriş verdi ki, təcili olaraq “Yalama” dəmir yol vağzalına gedirik. Gəlinin verdiyi zərfi oxudum, o adam həqiqətən də günahsız tutulub. Biz “Yalama” dəmir yolu stansiyasına çatanda qatar dayanmışdı. Yük qatarı idi və hər iki tərəfin qapıları açılmışdı. Hər tərəfində hərbçilər və itlər dayanmışdı. İnsanlar son dəfə vida edirdilər. Biz maşından düşdük, yoldaş Bağırov milis rəisini çağırıb göstəriş verdi ki, həmin adamın işini tapsın. Sonra özü qabaqda, biz də yanında vaqonların yanından bu baş-o başa gedib qayıtdıq. Bu zaman vaqonun birindən kimsə görüşə çıxmadan bir küncdə oturub çox yanıqlı səslə oxuyurdu. Bu adamın səsi bizi kövrəltdi. Hətta Bağırovun da gözləri doldu, geri qayıdıb milis rəisindən bütün işləri istədi və bir neçə işi vərəqlədi. Həmin zərfi verən gəlinin qardaşının günahı yox idi. Bağırov həmin adamın və başqa bir neçə nəfərin günahsız olduğunu görüb əlini piston cibinə atdı. Biz bilirdik ki, onun piston cibində tapançası olur. Milis rəisi olan mayor erməni idi. O, tapançanı çıxarıb milisi güllə ilə vurdu və qatarın geriyə Bakıya qaytarılmasına göstəriş verdi. Həqiqətən də bütün işlərə baxılandan sonra 8 vaqon adamın əksəriyyəti azad olundu və müəyyən bir hissəsi yerli həbsxanaya göndərildi. Az bir miqdarda adam müəyyən nöqsanlaragöndərildi.




Beləliklə, o gəlinin məktubu təkcə qardaşını yox, bir çox adamı xilas etdi.


***

Sibirin həbsxana düşərgəsində Mircəfər Bağırov bir nəfər azərbaycanlıya yaxınlaşıb deyir:

- Sabah səni azad edəcəklər. Mənim bu eynəyimi filan ünvanda bir qadına verərsən.

Həmin adam eynəyi deyilən ünvana çatdırır. Qadın onun üçün süfrə açır və deyir:

- Deməli, mənim qardaşımı güllələməyiblər. O, sağdır..


***

Mircəfər Bağırov yağışlı günlərin birində Mərdəkan makaron fabrikinin yanında maşınla gedirmiş. Görür, yolun ortasında iri bir gölməçə var ki, çirkab suları ilə doludur. Yağan yağış da gölməçənin suyunu artırır. Fabrikin fəhlələri-qız-gəlin, kişi-arvad hamısı min bir çətinlik hesabına oranı keçirlər. Bağırov "M-1” maşınından düşür. Rezin çəkmələrini geyinərək gölməçənin içinə girir. O saat əmr verir ki, raykomun birinci katibini bura çağırın. Çox keçmədən raykom katibi gəlir. Təzə tuflidə və şalvar pencəkdə olmasına baxmayaraq Bağırovun çəkmə ilə girdiyi gölməçəyə girir və bütün üst-başını bulaşdıra-bulaşdıra onunla görüşür. Bağırov qımışaraq deyir:




Sən özün-öz cəzanı verdin. Mənim cəzama gərək qalmadı. İki günə bu yol düzəlməlidir ki, fəhlələr işə rahat getsinlər. Mən üç gündən sonra elə bu saatda gəlib yoxlayacağam.

Bağırov heç vaxt nəyisə qeyd etməzmiş. Amma raykom katibinə dediyi saatda həmin yerə gedir. Görür ki, yol artıq düzəldilib.



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to eserifov

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.