Hüseyn xan (Şəki xanı)

EPQ2...fs1t
2 Feb 2024
28

Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi.
Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi. Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabrda böyük bir ordu ilə Nuxaya yaxınlaşanda Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.
"Yermolov böyük bir ordu və 18 topla 29 oktyabr tarixdə Alazan çayını keçmiş və 31 oktyabr tarixdə Nuxa şəhərinə daxil olmuşdu. Rus ordusunun gəlməsini görən xan və yanındakı iranlılar qaçmağa üz qoydular, elə bərk qaçdılar ki, onları təqib etmək üçün göndərilmiş kazaklar onlara çata bilmədilər. Sadə xalq rusları sevinclə qarşıladı, amma bəylərin əksəriyyəti xanla birlikdə qaçmışdılar"
Digər rus məbəsinə görə isə
"Yermolov Rusiyadan ona göndərilmiş hərbi dəstələrin gəlib çıxmasını gözləyirdi. Onların ilk partiyası Tiflisə yetişən kimi, o, həmin saat yürüşə başladı və 31 oktyabrdaNuxaya daxil oldu. Xan o qədər bərk qaçdı ki, dalınca göndərilmiş kazaklar ona çata bilmədilər, o, xeyli qabaqda idi, onu tutmaq mümkün olmadı. Şəki xanlığı təlatümdən qeyd-şərtsiz itaətə, tam sakitliyə keçdi.
Hüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,
"Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı".
Mirzə Yusif Qarabaği isə bunu yazır:
"Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr
Düşmən kökündən sarsıldıqdan və onların mal və dövlətləri əllərindən çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı tərk edib, sərdar İbrahim xanla birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış xanlığından əl çəkib, qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər yaşadı. Başqa yerlərdən buraya gəlmiş bəzi tacir və qaçqınlar da çoxlu mal və dövlət toplamışdılar. Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi....
Qafqazda Rus hakimiyyətinin bərqərar olması" kitabında qeyd edilir ki,
"Yermolov Bakıda olarkən isə qəflətən knyaz Eristovdan məlumat aldı ki, dağ ləzgiləri, Gürcü şahzadəsi Aleksandr və Abbas Mirzənin təhriki ilə böyük ordu halında Nuxaya gələcəklər ki, Həştərxanda yaşayan xanın övladlarından birini xan etsinlər. Yermolov həmin saat geri dönməyə məcbur oldu və göstəriş verdi ki, Rusiyadan yeni göndərilmiş bütün qoşunların bir hissəsi Car vilayətində, bir hissəsi isə Şəkidə və Şirvanda cəmləşsin. Ordu oralarda yalnız 12 noyabr – 12 dekabr arasında cəmləşdi. Yelisavetpolda saxlanılmış Sevastopol polku istisna olmaqla, bütün 20-ci piyada dviziyası Alazan sahilinə göndərilmişdi; 2-ci Ulan diviziyası 13 №-li süvari-artileriya rotası ilə Nuxada idi... həmçinin Don çayı tərəflərdən gəlmiş altı kazak polkundan... Pobednovun polku Şəki vilayətinə göndərilmişdi. Bu göstəriş hələ tam icra edilməmiş, Yermolov 21 dekabrda özü Nuxaya gəlib çıxdı və əyalət tam əmin-amanlıq tapdı. Ləzgilər həqiqətən də onun sərhədlərini pozmağa cəhd etdilər. Amma Şəki süvarilərinin tez toplaşması, ləzgiləri niyyətlərindən əl çəkməyə məcbur etdi və bu iş sərhədə yaxın olan cəmi bir neçə kəndin dağılması ilə bitmiş oldu. Yermolov oradan iki batalyonla Car vilayətinə üz tutdu..., işləri yoluna qoyduqdan sonra isə 8 yanvar 1827-ci il tarixdə Tiflisə qayıtdı
Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir.
Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:
"Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadəninbütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: "Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır.
Lakin Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" göstərilir ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir.

 

Səlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdi.

Şəki xanlarının nəsil şəcərəsi"ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Şəki xanlarının nəsil şəcərəsi"ndə Hüseyn xanın Əbdül xan, Qasım xan və Cəfər xan adlı oğlanlarının olması göstərilir. Nəsil şəcərəsində adı qeyd edilməmiş digər oğlu - Məşədi Məmməd/İsgəndər xan isə Şəki xanı olmağa iddialı idi və hətta 1838-ci ildə Nuxa şəhərini tutub qısa bir müddət ərzində də olsa əlində saxlaya bilmişdi.






Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.