Çaldıran döyüşü

Ed4M...JtVF
7 Feb 2024
39

Çaldıran döyüşü — 23 avqust 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş döyüş. Döyüşün nəticəsi olaraq Osmanlı imperiyası Şərqi Anadolunu və Şimali İraqı özünə birləşdirmişdir.[2][4] Bu döyüş ilə Osmanlı imperiyası Şərqi Anadoluya doğru irəliləmiş, eyni zamanda da Səfəvi imperiyasının qərbə doğru genişlənməsinin qarşısını almışdır.[14] Çaldıran döyüşü ilə 44 illik dağıdıcı müharibə başlamış və yalnız 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlanmışdır.[15] Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir.[16]
Çaldıran düzündə Osmanlı ordusu daha böyük və daha yaxşı silahlanmış vəziyyətdə idi. Osmanlı ordusunun sayı 60–100 min olmaqla birlikdə, güclü odlu silahla təchiz edilmişdi. Səfəvi ordusunun sayı 40–80 min arasında göstərilməklə birlikdə, odlu silaha malik deyildi. Döyüşdəki məğlubiyyətdən sonra İsmayıl öz sarayına çəkildi və bir daha hərbi əməliyyatlara qatılmadı. Döyüşdəki qələbədən sonra Osmanlı ordusu Səfəvi imperiyasının dərinliklərinə doğru irəlilədi və qısamüddətli də olsa Səfəvi paytaxtını ələ keçirdi. Həmçinin Təbriz Osmanlı işğalında ikən Səfəvi imperiyasınnı xəzinəsi də yağmalandı.
Döyüşdəki məğlubiyyət Şah İsmayılın özünəinamına təsir göstərmiş, saraya qapanmasına və bir daha döyüşlərdə iştirak etməməsinə səbəb olmuşdur.[17][18][19][19][14][5]
Döyüşün böyük tarixi əhəmiyyəti tək şiə-qızılbaş inancında mürşidi-kamilin yanılmazlığı ideyasının zərbə alması olmadı, eyni zamanda kürd tayfa rəhbərlərinin Səfəvi imperiyasına olan asılılığı Osmanlı asılılığına dəyişmələri oldu
Fəriba Zərinbaf-Şəhrin də bildirdiyi kimi İslam ilə Xristianlıq arasında sərhədi təşkil edən Anadolu eyni zamanda mərkəzi hakimiyyətə də o qədər də güclü şəkildə tabe etdirilməmişdi. Buna görə də, bura qeyri-ortodoks inancların yayılması üçün münbit şəraitə sahib idi. Beləliklə də, Səfəvi imperiyasını quran qızılbaşlıq belə bir şəraitdə Mərkəzi Asiyadan özləri ilə gətirmiş olduqları şamanizm ilə müxtəlif islami hərəkatların qarışığı kimi türk tayfaları tərəfindən yaradılmışdı.[22] Bunun fəlsəfi əsaslarının formalaşmasına və yayılmasına "Pax Mongolica" dönəmində dövlətlər tərəfindən müxtəlif dini etiqadlara göstərilən tolerantlıq da mühüm rol oynamışdı.[23]
Reinkarnasiya ideyaları, Tanrının insan şəklində təzahürləri, Mehdinin zühuruna inam, Sührəvərdi, İbn Ərəbinin fəlsəfələri, transsendental uçuşun şamanist təcrübələri və rəqslər regiondakı köçəri türk tayfaları arasında məşhur idi.[22] Babək Rəhimi Anadolu sufizmini (dərviş islamı) türk köçərilərinin çöl (instrumental) dini ayinlərinin İran-Semit və Yunan-Bizans cəmiyyətlərinin universal (soteriologiya) dinləri ilə qarışmasının ən orijinal təzahürü adlandırır.[23]
Eynilə qonşu Azərbaycan ərazisində də əhalinin islam inancı birmənalı deyildi.[22]
Sultan Səlimin Şah İsmayıla göndərdiyi məktublardan biri.
Mərkəzi hökumətlərin vaxtaşırı olaraq verdiyi qərarlar insanlar arasında narazılığa səbəb olurdu. Belə üsyanlara misal olaraq Bava İshaq və Şeyx Bədrəddin üsyanlarını misal göstərmək olar.[22][23][24][25] Məsələn, yaxşı vəziyyyətdə olmayan qazilər, aşağı rütbəli süvarilər, mədrəsə tələbələri Bədrəddinin ətrafında birləşmişdilər.[22] Bədrəddinin məsihvari düşüncələri Anadolunun türkman əhalisinin düşüncəsində dərin iz buraxmışdı.[24]
Qonşu Suriyada Azərbaycanın mistik şairi Nəsiminin[26] şeirləri türkmanlar arasında məşhurluq qazanmışdı.[27]
Bu kontekstdə Azərbaycanın Ərdəbil bölgəsində yerləşən Səfəviyyə Sufi ordeninin rəhbəri olan və Səfəvi sülaləsindən gələn, siyasi ambisiyalı şəxs olan Şeyx Cüneyd (1447–1460) özünün yarımhərbi dini-siyasi təşkilatını yenidən formalaşdırmaq qərarına gəldi.[27] Onun təriqətinin dəyərləri türk-monqol, sufi və s. ideyalar əsasında formalaşdırılmışdı.[25] Türkmanlar arasında şiəliyə meyil hiss etdikdən sonra o, şiəliyi təmayül etməyə başladı. Şiəlik onun təriqətində buna qədər elə də xarakterik bir şey deyildi.[28] O, hətta öz soykökünü də dəyişdirərək, guya İmam Əli nəslindən gəldiyini iddia etməyə başladı.[29]
Müəyyən bir məqamda Şərqi Anadoludan radikal türkmən ardıcıllarının axını o qədər gücləndi ki, Cüneydin oğlu Şeyx Heydərin (1460–1488) rəhbərliyi dövründə nəhayət, Səfəviyyə ordeni hərbi-dini hərəkat kimi formalaşdı, üstəlik, şeyxin öz qərarlarından daha çox türkmənlərin istəklərinə görə. Qırmızı çalmalarına görə qızılbaş adlandırılmağa başlayan türkmən ardıcılları qeyri-adi şiəliyin ən radikal formalarını nümayiş etdirdilər. Mənbələrdə onların Şeyx Heydərin ilahi mahiyyətini bəyan etdikləri, ona qiblə kimi baxdıqları,[30] eyni zamanda dirilməyi inkar etməklə yanaşı, müqəddəs ruhun bədəndən bədənə keçməsi ehtimalına inandıqları da bildirilir.[23]
1480–1514-cü illərdə qızılbaşlıq Ərdəbildən Anadoluya görülməmiş sürətlə yayıldı. Bu, bir tərəfdən Ərdəbil şeyxləri Şeyx Cüneydin, Şeyx Heydərin və sonda da İsmayılın uğurlu təbliğatının nəticəsi idisə, digər tərəfdən də Anadolu türkmanlarının Osmanlı dövltətindən narazı olmaları idi. Onlar Osmanlı dövlətinə vergi vermək, öz kəçəri həyat tərzlərini tərk etmək və mərkəzləşdirilmiş dövlətin hakimiyyətini qəbul etmək istəmirdilər.[22] Osmanlıların da ilk başlarda Səfəvilər kimi qeyri-ortodoks hərbi-dini hərəkata (lakin ortada fərqlər də var idi, məsələn, Osmanlılar öz qaziləri arasında qəhrəmanlıq mifi kimi dəyərləndirilirdilər və dini inanclar kafirlərə qarşı döyüşmədə mühüm rol oynayırdı) başçılıq etmələrinə baxmayaraq, onlar tədricən bu siyasətdən əl çəkdilər və fanatik döyüşçülərini peşəkar ordu ilə əvəz etdilər. I Bəyazid (1389–1402) hərbi məsələlərdə kölı-döyüşçülərə, yəni yeniçəriləri ön plana çıxarmağa başladı, I Mehmed (1413–1421) və II Murad (1421–1451) dövründə qeyri-ortodoks inancların təqibi, mərkəzi dövlət inistitutlarının gücləndirilməsi başlandı.[23] Köçəri türklərin təqibi o qədər güclü idi ki, R. P. Lindner yazır ki, "yazıq türkmanların ya oturaq həyata keçmək, ya da üsyan qaldırmaqdan başqa seçimləri qalmırdı".[31][32] Alçaldılmış və marjinallaşdırılmış Anadolu türkmanları qurulacaq yeni dövlətdə onlara təklif edilən əsas yer tutmanı böyük həvəslə qəbul etdilər.[33] Venesiya və Osmanlı qaynaqları Anadoludan xeyli sayda türk tayfasının Osmanlı torpaqlarından köç etdiyindən bəhs etməkdədir.[34]
Beləliklə də, Səfəvilərin güclənməsi Osmanlı imperiyasını narahat etməyə bilərdi. Hələ Osmanlı hökmdarı II Bəyazid 1488-ci ildə Şah İsmayılın atası Şeyx Heydərin ölümünə görə yazmış olduğu məktubunda qızılbaşlara qarşı antipatiyasının olduğunu ifadə etmişdi. Bundan başqa, II Bəyazid hələ 1501-ci ildə qızılbaşlarla ağqoyunlular arasında baş vermiş Şərur döyüşündən əvvəl Ağqoyunlu Əlvənd Mirzəyə, həmçinin də kürd bəyi Əmir Hacı Rüstəmə yazmış olduğu məktublarda qızılbaşları "qızılbaş ordaları", "despot qızılbaş dəstəsi, Allah onları məğlub etsin" kimi ifadələrdən istifadə etmişdi. 1500-cü ildə Qaramanoğullarının nümayəndəsinin rəhbərlik etdiyi türkman üsyanı osmanlıların qızılbaşlara qarşı daha da şübhəyə qapılmasına yol açdı. Buna görə də, II Bəyazid 30 min şiəni Anadoludan yeni ələ keçirilmiş Moreyaya sürgün etdirdi. Osmanlı imperiyasının Səfəvi imperiyasına qarşı mənfi münasibəti Şah İsmayılın öz torpaqlarındakı sünnilərə qarşı repressiya həyata keçirməsi ilə daha da gücləndi.
II Bəyazid Səfəvi gücünün Anadoludan Osmanlıdan narazı olan və buna görə də, Səfəvi imperiyasına gedən türkmanların hesabına gücləndiyini anladığı zaman sərhəddə yerləşdirilən təhlükəsizlik qüvvələrinin sayını artırdı və sərhədi keçmək istəyən istənilən şəxsin öldürülməsini əmr etdi. Lakin sultanın edam əmri hakimlər tərəfindən əsasən görməzdən gəlindi, hakimlər ya qızılbaşlara rəğbət bəslədiklərindən, ya da pul qazanmaq üçün sərhədi keçmək istəyən şəxsləri cərimələdilər. Buna cavab olaraq, Şah İsmayıl II Bəyazidə iki məktub göndərərək ondan türkmanların sərhədi keçməsinə icazə verməsini istədi. Bu məktublara cavab yazan II Bəyazid üslubunda Şah İsmayıla hörmətli davransa da, uyğun bir dillə bu istəyi rədd etdi.
Səlimin sələfi II Bayazid (hökmdarlığı 886–918/1481–1512) Anadolunun idarəçiliyi ilə bağlı mərkəzləşdirmə siyasətini həyata keçirərkən hakimiyyətinin çox hissəsini Avropadakı işlərlə məşğul olmuşdu. II Bəyazid əsasən Anadoludakı hakimiyyəti mərkəzləşdirməkllə məşğul olurdu ki, bu da türkman tayfalarının narazılığına səbəb olurdu. Türkman tayfalarının hərəkəti daha da məhdudlaşdıqca və vergi yükü ağırlaşdıqca Anadolu təbəələrindən mədəni və linqvistik cəhətdən onsuz da qopmuş mərkəzi hökumətə zalım yadelli rejim kimi baxılmağa başladı. Səfəvi təbliğatçılarının tətbiq etdiyi təbliğat çoxdan narazı tayfalar arasında qəbuledici auditoriya tapmışdı və nəticədə zaman-zaman baş verən narazılıq ifadələri tez-tez heterodoks cizgilər alırdı. Bununla belə, Səfəvi tərəfdarlarının, məsələn, Mustafa Qaramanoğlunun başçılıq etdiyi 1500 üsyanında olması üsyanın siyasi və iqtisadi səbəblərini ört-basdır etməməlidir.[9]
Michael J. McCaffrey bildirir ki, iki dövlət arasında münasibətlərin araşdırılması Anadoludakı türkmanlar üzərində Səfəvi təsirinin olmasının Osmanlı hökuməti üçün böyük narahatlıq mənbəyi olduğunu yazır. İsmayılın Bəyazidə göndərmiş olduğu ilkin məktubda o, Anadolu qızılbaşlarının Ərdəbilə ziyarətgaha gəlmələrinə əngəl olduğu üçün qınanırdı. Bundan qısa müddət sonra, Osmanlı hökuməti Anadoludakı şiələrin çoxunu Moreyaya sürgün etdi. Qeyd etmək lazımdır ki, bu siyasət, demək olar ki, yalnız Səfəvilər dövləti ilə həmsərhəd bölgələrə yönəlmişdi və bu, Bəyəzidin xüsusilə İsmailə canlı qüvvə itkisindən qorxduğunu göstərir.[9]
İki qüdrət arasındakı münasibətlər İsmailin təkəbbürlü, zahirən düşməncəsinə münasibətilə gərginləşdi. 1504-cü ildı Səfəvilərin şiələşdirmə siyasətinə etiraz olaraq Təbrizə Osmanlı elçisi göndərildi. Bəyazidin başqa yerlərdəki işlərlə məşğul olması onun Səfəvi dövləti ilə daha çox məşğul olmasına əngəl olurdu, bu da İsmayılın daha böyük risklər almağına imkan yaradırdı. Üç il sonra Səfəvilərin Zülqədər hökmdarı Əlaəd-Dövlə qarşı yürüşü zamanı İsmailin ordusu Osmanlı ərazisinə keçdi və Bəyazid növbəti dəfə qəsdən təxribat xarakterli hərəkətini cavabsız buraxdı. O zaman Trabzon valisi olan Səlim atasının hərəkətsizliyinə təşvişlə baxdı və Səfəvi ərazisinə qarşı cavab basqınlarının həyata keçirilməsini əmr etdi. Səlim bu zaman qızılbaşlar üzərinə bir neçə yürüş həyata keçirdi.[9]
I Səlim 1505-ci ildə Şah İsmayılın qardaşının rəhbərlik etdiyi Səfəvi ordusunu məğlub etmişdi. O, yenidən 1507-ci ildə Ərzincan döyüşündə səfəviləri məğlub etmişdi.[35] Bu zaman Şah İsmayıl Osmanlı ərazilərindən keçərək Dulqədiroğulları bəyliyinə hücum edərkən Səlim Ərzincana hücum etmiş, İsmayıl tərəfindən ona qarşı göndərilmiş ordunu məğlub etmişdi. 1510-cu ildə Səlim Trabzon yürüşü zamanı Şah İsmayılın qardaşının rəhbərlik ordunu yenə məğlub etdi.[36][37][38]
Sultan Səlimin Şah İsmayıla göndərdiyi məktublardan biri.
Osmanlı ilə münasibətlər gərginləşən zaman İsmayıl Venesiya ilə ittifaqa girməyə çalışmaqda idi. O, eyni zamanda Bəyazidin oğlu və Qaraman valisi Şahənşaha da təkliflər göndərməkdə idi, lakin Şahənşahın üsyankar istəklərinin üzə çıxmasından sonra o, 1511-ci ildə öldürüldü. 1510-cu ildə Şah İsmayıl osmanlıpərəst özbək hökmdarı Məhəmməd Şeybanini məğlub etdi, onun başından badə düzəldərək bir neçə tələb ilə birlikdə Bəyazidə göndərdi. Bəyazidin aşkar şəkildə Səfəvilərlə müharibə başlatmamaq istəyi oğlu tərəfindən qəzəblə qarşılanmaqda idi. Nəhayət Səlim üsyan qaldırdı və yeniçərilərin yardımı ilə atasını taxtdan əl çəkməyə məcbur edib, sonra da öldürtdü. İsmayıl Osmanlı imperiyasındakı daxili vəziyyətdən istifadə edərək vəziyyəti Osmanlı üçün daha da qarışıq etməyə çalışdı. Şahqulu Baba Təkəli 1511-ci ildə üsyana başladı və bir çox qızılbaşı, narazı sipahini öz ətrafında toplaya bildi. 2 iyulda Sivas yaxınlığında məğlub olmasından sonra sağ qala bilmiş qızılbaşlar Səfəvi bölgəsinə qaçdılar. Həmin üsyanın nəticələri nə qədər ağır olsa da, növbəti il vətəndaş müharibəsinin qızğın çağında Səfəvi agenti Nur Əli Xəlifənin qızışdırdığı üsyan daha çox əhəmiyyət kəsb edirdi. Minlərlə Qızılbaş üsyana qalxdı və hətta şahzadə Bəyazidin nəvəsi Murad ibn Əhməd də iki Səfəvi təbliğatçısına qatıldı. Nurəli Xəlifə və tərəfdarları qısamüddətli də olsa, Tokat şəhərini ələ keçirdilər və İsmayılın adına xütbə oxutdurdular. Çorum (Çorum) və Amasya yaxınlığındakı geniş torpaq sahələri xarabalığa çevrildi. Muradın tərəfdarları da onlara qatıldıqdan sonra yenidən Tokata hücum təşkil edildi. Bu zaman şəhər sakinləri müqavimət göstərdilər və şəhər yandırıldı. Murad buradan Səfəvi imperiyasına yollandı, Nurəli Xəlifə isə Sivasa yürüşə başladı. Qoyluhisarda üsyançılar Ərzincan yolu ilə Səfəvi ərazisinə getməzdən əvvəl bir Osmanlı qüvvələri ilə toqquşdular və onları məğlub etdilər.[9]
Bu əsnada Səlim taxt uğrunda mübarizəsini uğurla yekunlaşdırdı. Atasını taxtdan əl çəkməyə məcbur etdikdən sonra yeganə rəqibi qardaşı Əhməd qalmışdı. Yenişəhirdə 1513-cü ilin 15 aprelində onu da məğlun etdikdən sonra öz diqqətini artıq Səfəvilərə qarşı yönəldə bilərdi. Səlim Osmanlı taxt-tacı uğrunda mübarizəni uğurla tamamladıqdan sonra öz diqqətini daxildə narahatlıqlar meydana çıxaran qüvvələrə qarşı çevirməkdə sərbəst idi. O, inanırdı ki, bu çaxnaşmalar ona qarşı sülalələnin digər şahzadələrini dəstəkləyən şiə-qızılbaşlar tərəfindən çıxarılır və qeyri-rəsmi olaraq atası II Bəyazid tərəfindən də dəstəklənir. Səlim çəkinirdi ki, onlar insanları Şah İsmayılın lehinə üsyana qalxmağa təhrik edə bilər, çünki o dövrdə Şah İsmayılın nüfuzu sürətlə yüksəlməklə birlikdə, onun peyğəmbər nəslindən olduğuna inanılmaqda idi. Səlim bütün bunları nəzərə alaraq İslam alimlərin fətva almağı bacardı. fətvaya görə, İsmayıl və qızılbaşlar "imansızlar və heretiklər" elan edilirdi. Bununla da o, şərqə doğru ölkəni sakitləşdirmək üçün başladacağı yürüşdə ekstrim tədbirlər həyata keçirə bildi. Səlim İsmayılı imanını tərk etməkdə ittiham edirdi:[39]

… Məhəmmədin saleh ümmətini… öz hiyləgər iradəsinə tabe etdin [və] imanın möhkəm təməlini sarsıtdın; siz təcavüz yolunda zülm bayrağını qaldırdınız [və] artıq İlahi Qanunun əmr və qadağalarına əməl etmirsiniz; siz öz mənfur şiə firqənizi müqəddəs olmayan cinsi birliyə və günahsız qan tökməyə təhrik etmisiniz.

Səlim yürüşə başlamamışdan əvvəl "özlərinin üsyankar davranışlarının cəzası kimi" 40 min Anadolu qızılbaşının edam edilməsi əmrini vermişdi.[40][41][9] O, daha sonra Səfəvi ipəyinin öz ölkəsinə girişinin qarşısını almağa çalışdı və müəyyən qədər uğurlu ola bildi.[9]
SƏlim yolda ikən Şah İsmayıla göndərmiş olduğu növbəti məktubda özünün xəlifəliyə iddiasını və şahın dindən çıxmasına bir daha vurğu etməkdə idi.[42]
Səlim yürüşə başlayan zaman Səfəvi imperiyası şərqdə özbək hücumu ilə mübarizə aparmaqda idi. Şah İsmayıl bundan bir neçə il əvvəl Mərv döyüşündə özbəkləri ağır məğlubiyyətə uğratmışdı.[43] İki cəbhədə döyüşmək məcburiyyətində qalmamağa çalışan İsmayıl qərbdə Səlimə qarşı "yandırılmış torpaq siyasəti" tətbiq etdi.[39]
Din xadimlərindən lazimi fətvaları əldə edən Səlim 20 mart günündə yürüşə başladı. Yol boyu onun ordusuna yeni qüvvələr qatıldı və dövlət sərhədinə çatan zaman onun ordusu 140.000 nəfərlik döyüşçüdən ibarət idi. Ərzincanda duran ordu dəni zyolu ilə göndəriləcək təminat vasitələrini gözləməyə başladı. Bu zaman Qaraman bəylərbəyi olan Həmdəm paşa sultana öz yoldaşlarının adından yaxınlşaraq yürüşün çətinliyinə görə onu dayandırıb paytaxta geri dönməyi xahiş etdi. Səlim cavab olaraq onu edam etdirdi və yürüşü davam ediləcəyini bildirdi. 1 iyulda osmanlılar Sivasa çatdılar, bundan sonra davam etmək çox çətin idi. Çünki Diyarbəkirin qızılbaş valisi Məhəmməd xan Ustaclı bütün yolları və digər infrastrukturu dağıtmışdı.[9]
İsmayılın yandırılmış torpaq siyasətinə görə Osmanlı ordusunun təminatında problemlər var idi və bu ordu daxilində narazılıqlara səbəb olurdu. Dağlıq ərazilərdən keçərkən yaranan narazılıq bir də müsəlmanlar üzərinə yürüş etdikləri faktına görə də daha da çoxalırdı. hətta bir dəfə yeniçərilər etiraz olaraq sultanın çadırına atəş də açmışdılar. Bütün bunlara görə, Səlim Səfəvi ordusunun Çaldıran düzündə döyüş forması almağa başladığını öyrəndiyi zaman vaxt itirmədən onunla qarşılaşmağa yollandı.[44]
Tarixçi McCaffrey bildirir ki, hər nə qədər müasir qaynaqlar. I İsmayılın hərəkətlərini döyüşə gətirib çıxarmış kimi təqdim etsələr də, əslində Səlimin yürüşə başlamasına hansısa hadisə rəvac verməmişdir. O, əlavə edir ki, Osmanlı ordusunun Çaldıran yürüşünə başlamasının səbəbi Səfəvi dövlətinin özünün yaranması idi.[9]

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to sahlar85

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.