Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

3o1x...jA2k
31 Jan 2024
68





Parlamentin təntənəli açılışında (1918-ci, 7 dekabr) parlaq nitq söyləmiş və sonra "Müsavat" partiyasi adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun "...müstəqil Azarbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu iiç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyasi) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır.

M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdi. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdi: "...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər". M.Ə.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.

Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qaldırılmış ərazi iddialarında prinsipial mövqe tutmuşdur. Borçalı ilə bağlı Azərbaycan hökumətini "qan tökməklə" hədələyən gürcü nümayəndəsinə "nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar" deyə qətiyyətlə cavab vermişdi. O, Qarabağ məsələsində də eyni cür qətiyyət göstərmişdi: bizim fikrimizcə və hökumətin fikrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik.

Rəsulzadə "Müsavat" partiyasının 1919-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayının rəyasət heyətinin sədri seçilmiş, partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Yenidən partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdir.

1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.

M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ.Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən ibarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), "Müsavat" Partiyasının Xarici Bürosunu yaratdı və "Müsavat"ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-ci ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradıldı. "Prometey" sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. O, 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlandı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti - respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934-cü) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada "Müsavat"ın qurultay səlahiyyətli konfransını keçirdi. M.Ə.Rəsulzadə konfransda "Milli hərəkatda Firqə" mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etmək" məqsədilə Milli Azərbaycan Komitəsi yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı "Azərbaycan Demokrat Birliyi" cəmiyyəti azərbaycan­lıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı "Türkiyə-Azərbaycan" cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949-cu il, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Konfransında iştirak etdi. Konfransın qərarına əsasən, Azərbaycanın, Gürcüstan və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət etdi.




















Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Nano107322

10 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.