ROMA IMPERIYASI

GX68...pcWB
31 Jan 2024
54

Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə, əsasən, sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. Qalların müqavimətini qıran Sezar bütün Qalliyanı tabe etdi. Bundan sonra o, həm də Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, «Püşk atılmışdır!» deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar o qədər cəld hərəkət etdi ki, Pompey müdafiəni təşkil edə bilmədi. Sezarın qoşunları müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
 
Sezar Pompeyin ordusunu darmadağın etdi. Sezar tərəfdarları ilə Pompey tərəfdarları arasında vuruşmalar Romada vətəndaş müharibəsi adlandırıldı. Senat əlacsız qalıb Sezarı ömürlük diktator elan etdi və ona imperator titulunu verdi. Metal pullar üzərində onun şəkli həkk olunur, heykəlləri tanrıların heykəlləri ilə yanaşı qoyulurdu. Lakin Sezarın təkbaşına hakimiyyəti uzun sürmədi. E.ə. 44-cü ildə senatın iclası zamanı respublika tərəfdarları Sezara qəsd təşkil etdilər. Ona 23 xəncər zərbəsi vurdular. Sezar öldürüldü. Qəsdə Brut başçılıq edirdi.
Sezarın köməkçisi Antoni və varisi Oktavian respublikaçılara qarşı çıxdılar. On səkkiz yaşlı Oktavian Sezarın qohumu idi. Sezar onu oğulluğa götürmüş və özünün varisi elan etmişdi.
Antoni və Oktavian qüvvələrini birləşdirib respublikaçıları məğlub etdilər.
Qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər. Antoni Roma dövlətinin şərq əyalətlərini, Oktavian isə qərb əyalətlərini idarə edirdi. Antoni və Oktavian arasında rəqabət var idi və bu da müharibə ilə nəticələndi.
E.ə. 31-ci ildə Antoni ilə Oktavian arasında həlledici döyüş oldu. Bu döyüşdə Antoni məğlubiyyətə uğradı. O, yaşadığı İsgəndəriyyə şəhərinə qayıtdı. E.ə. 30-cu ildə Oktavianın qoşunları İsgəndəriyyəni tutdular. Misir Romanın əyalətinə çevrildi. Oktavian Romanın şərq və qərb əyalətlərinin tək hakimi oldu. Senat Oktaviana Avqust (müqəddəs) fəxri adını verdi.
Oktavian Avqustun dövründən etibarən Roma dövləti imperiya adlanmağa başlandı.
Roma imperiyası öz ərazilərini ətraf ölkələr hesabına genişləndirirdi. E.ə. I əsrdə romalılar Cənubi Qafqaza, o cümlədən qədim Albaniya ərazilərinə qədər gəlib çıxmışdılar.


II əsrin sonu — III əsrdə quldarlıq təsərrüfatinin tənəzzülü. Romada təsərrüfat inkişaf edirdi. Su dəyirmanları, çox gavahınlı kotan, yeni biçin alətləri ixtira olundu. Lakin quldarlıq texnikanın inkişafını ləngidir, kənd təsərrüfatını tənəzzülə doğru aparırdı. Qulların öz əməklərinə marağı az idi. Onların marağını artırmaq üçün bəzi quldarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə verirdilər. Belə icarədarları «daxmalı qullar» və kolonlar* adlandırırdılar. Onlar məhsulun bir hissəsini özlərində saxlayırdılar. Kolonlardan fərqli olaraq, «daxmalı qullar» azad deyildilər. II əsrdə Roma imperatoru qulların öldürülməsini qadağan etmişdi. Roma imperiyasının parçalanması. 330-cu ildə imperator Konstantinin təşəbbüsü ilə paytaxt qədim yunan şəhəri Vizantiyə (Bizansa) köçürüldü. Yeni paytaxt Konstantinopol adlandı.
 
395-ci ildə Roma imperatoru imperiyanı iki oğlu arasında bölüşdürdü. Beləliklə, paytaxtı Konstantinopol olan Şərqi Roma (Bizans) və paytaxtı Roma şəhəri olan Qərbi Roma imperiyaları yarandı. Bütün İtaliya, Avropanın və Afrikanın qərbi Qərbi Roma imperiyasının hakimiyyəti altında qaldı. Şərqi Roma imperiyasına isə Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları daxil oldu. Artıq zəifləmiş Qərbi Roma imperiyasına V əsrin əvvəlində german tayfaları olan qotlar, vandallar hücum etdilər. V əsrin ortalarında isə hunlar Romaya yürüş etdilər. Roma Papası hunların başçısı Attiladan Romanı öz himayəsi altına almasını xahiş etdi. Attila bu təklifi qəbul edib, ordusu ilə geri çəkildi.
 
Qərbi Roma imperiyasının süqutu. Vandallar bir sıra Avropa ölkələrini tutaraq, oradan Afrikaya köç etmiş, Romanın Afrikadakı əyalətində Vandal krallığı yaratmışdılar. 455-ci ildə vandallar Afrikadan İtaliyaya keçib asanlıqla Roma şəhərini tutdular. On minlərlə romalı öldürüldü və qul edildi. Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar. Vandalların törətdikləri dağıntılar o qədər dəhşətli idi ki, o vaxtdan « vandal» sözü vəhşi, qəddar adamlara aid edilir.
476-cı ildə german tayfaları Roma imperatorunu taxtdan saldılar. Qərbi Roma imperiyası süqut etdi. Qərbi Roma imperiyasının süqut etdiyi il həm də qədim dünya tarixinin sonu hesab olunur. 



Qədim Roma mədəniyyəti

Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.
Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri keçirilir və tamaşalar göstərilirdi. Roma şəhərinin ən gözəl memarlıq abidələrindən biri Panteon (bütün allahların məbədi) indiyə kimi qalır. Məbəd kümbəz formasında tikilmişdi. Romada zəfər tağları (triumf) geniş yayılmışdı. Triumf zamanı imperatorlar bu tağların altından keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada imperatorların mərmərdən gözəl sarayları yerləşirdi. İmperatorların saraylarının yaxınlığında quldarların evləri var idi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. Otaqlarda bəzəkli mebellər, həyət və bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it yerinə qul zəncirlənirdi.
Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, ehtiyac içində yaşayan on minlərlə dilənçi var idi. Onların narazılığının qarşısını almaq üçün onlara imperatorun adından çörək və pul paylayırdılar. Romada 200 min adam pulsuz çörək alırdı. İmperatorun əmri ilə termlər (yunanca «termos» isti deməkdir) hamamlar tikilmişdi. Yoxsul azad adamlar onlardan pulsuz istifadə edirdilər. Burada kitabxana, istirahət otaqları var idi. Onlara pulsuz tamaşalar göstərilirdi. Yoxsullar imperatordan «çörək və tamaşa» istəyirdilər.
Romada ilk teatrı yunan teatrı nümunəsində Pompey tikdirmişdi. Həm quldarlar, həm də azad yoxsullar ən çox qladiator döyüşlərini və döyüş arabalarının qaçış yarışlarını xoşlayırdılar.
Qədim Roma incəsənəti. Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Beton, tağlar, künbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Kümbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon kümbəzin ən gözəl nümunəsidir.
Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Hətta onlar Olimp allahlarına sitayiş edir, amma onların adlarını dəyişirdilər Zevsi Yupiter, dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkanadlandırırdılar.
Roma poeziyası və elm. Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E.ə. I əsr və eramızın birinci əsri Roma poeziyasının «qızıl dövrü» adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı göstərir, onun evi şairlərin üzünə açıq idi. Onlardan səxavətini əsirgəmirdi. Sonralar «mesenat» varlı incəsənət himayəçisi mənasında işlənməyə başladı.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi.O, imperator Avqustun sifarişi ilə 12 cilddən ibarət «Eneida» poemasını yazmışdır. Aktsi vuruşması bu poemada təsvir edilib. Vergili bu əsərində Troyanın müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyinbaşına gələn hadisələrdən bəhs edir. Eney Troya şəhərindən qoca atasını çıxarır, bir müddətdən sonra İtaliyaya — Romaya gəlir və burada məskən salır. Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Avqustun təntənəsini görür. Avqust Romaya dinclik gətirəcək. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bu zaman qədim əfsanələrdən məharətlə yararlanmışdır.
E.ə. I əsrdəyaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şerlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.
Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.
Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda Iəsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dilivə yunan əlifbası əsasında tərtib edilmiş latın əlifbasıgeniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın şərəfinə, Avqust imperator Avqustun şərəfinə adlandırılmışdır. Romada il mart ayında başlandığına görə sentyabr yeddinci, dekabr onuncu ay hesab edilirdi. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir sıra yeniliklər gətirmişdilər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Vuqar85

4 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.