Azərbaycanda Şərabçılıq

EPQ2...fs1t
12 Jan 2024
30

Mif və əfsanələrdən əlavə, arxeoloji tədqiqatlar, həqiqətən də, Naxçıvanın Şərur rayonundakı Arpaçay vadisində qədim zamanlarda şərab hazırlandığını deməyə əsas verir. Bəzi mənbələr isə adını Ağstafa yaxınlığında Şomutəpə arxeoloji sahəsindən götürən Şulaveri-Şomutəpə mədəniyyətinin şərabçılıq haqqında daha çox şey söylədiyini bildirir. Göygöl rayonunda e.ə II minilliyə aid şərab küpləri, Qəbələnin şimal-qərbində isə eramızın I-III əsrlərinə aid şərab zirzəmisinin aşkar edilməsi Cənubi Qafqaz regionunun qədim şərabçılıq mərkəzlərindən biri olduğunu sübut edir.


Azərbaycan şərabçılıq tarixi və ənənələri həm də almanların bu torpaqlara köçü ilə bağlıdır. Helenendorf almanları bu ərazilərdə məskunlaşdıqdan sonra yerli üzüm sortları becərməyə başladı, üzümçülük və şərabçılıq buradakı Şvab almanlarının əsas təsərrüfat fəaliyyətinə çevrildi. Həmin dövrdə Azərbaycanda şərabçılıq sənayesinin əsasının qoyulması Kristof Forerin adı ilə bağlı olmuşdur. Onun evində kustar üsulla hazırladığı şərablar Avropa bazarlarına yol taparaq dünya miqyasında ad qazandı. 1860-cı ildə “Göygöl” şərab zavodu təsis olundu və bu zavod ilk şərabçılıq müəssisəsi kimi fəaliyyətini illərdir davam etdirir.


Sonrakı minilliklərdə üzümçülüklə bağlı daha geniş məlumatlara arxeoloji mənbələrdə, tarixçilərin, o cümlədən Herodot, Strabon və ərəb yazıçılarının əsərlərində rast gəlinir. VII əsrdə ərəblərin Azərbaycanı işğal etməsindən və İslam dininin yayılmasından sonra üzümçülüyün tənəzzülə uğradığı güman edilsə də, həmin dövrdə bal teksturasına bənzər şərablar müalicəvi məqsədlər və zövq üçün istehlak edilirdi.


Sovet dövründə Azərbaycanda şərab istehsalı kəskin şəkildə artsa da, çox vaxt aşağı keyfiyyətli şirin şərablara üstünlük verilirdi. Həmin dövrdə Ağdam port şərabı SSRİ-də və hətta Avropada populyar tarixi içki hesab olunurdu. Məşhur şərab rayonları isə əsasən Ağdam və Füzuli hesab olunurdu. 1984-cü ildə 275 min hektar üzüm bağından 2 milyon tondan çox üzüm yığılmağı istehsalı pik həddə çatdırdı və bununla, şərabçılıq ölkədə ən gəlirli sahələrdən birinə çevrildi. Lakin Qorbaçovun 1985-ci ilin mayında başlayan anti-alkoqol kampaniyası üzüm bağlarının əksəriyyətinin məhvinə gətirib çıxardı ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra şərab sənayesini yenidən dirçəltməsi üçün daha on il vaxt lazım oldu.



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.