44 günlük zəfər

22ss...gYW9
23 Feb 2024
34


İkinci Qarabağ müharibəsi

Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir.

29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. 

Müharibəyə zəmin

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.


Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir. 

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın

daşındığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 

Döyüşlərin gedişi

Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. . Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir


Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı 

Vətən müharibəsinin təfərrüatlarına hələ tam aydınlıq gəlməyib. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur.

“Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının

sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb. 

Azərbaycanın hərbi üstünlüyü

Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu texnoloji üstünlüyə sahib idi. 

İkinci Qarabağ müharibəsində itkilər 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Bir sıra hərbi qulluqçuların DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi və itkin düşmüş 100 nəfərdən artıq hərbi qulluqçunun tapılması ilə şəhidlərin sayı arta bilər. Hərbi qulluqçuların tibb müəssisələrində müalicəsi davam etdirilir. Azərbaycanın hərbi texnika baxımından itkiləri az olmuşdur.

Ermənistan tərəfi müharibə zamanı 3363 hərbiçisinin öldüyünü təsdiq etsə də, reallıqda bu rəqəmin daha çox olduğu bilinən həqiqətdir. 

44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı

Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü xəbər vermişdir. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü bildirdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev "beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli" olduğunu bildirdi. Bir sıra PKK, YRG mənsubları da sonlaralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə terror təşkilatı mənsublarının Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etmişdilər.  

Bundan əlavə, Livan,Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur. 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib. 

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda daxili vəziyyət, xalq-hakimiyyət birliyi

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur. 27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırmışdır. Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuşdur. Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir. Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncam 28 sentyabr qüvvəyə minib. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruhyüksəkliyi ilə qarşılanı

İnformasiya müharibəsi, kiber hücumlar 

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiber hücümlarının da qarşısı layiqincə alınırdı.

Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı

suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı. Almaniyanın ARD telekanalının müsahibəsindəki bir suala və Prezidentin cavabına diqqət edək. Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud ReynVestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir.

Döyüş meydanındakı qələbəyə gəlincə, müharibənin sonunda yaşanan tam fərqli iki mənzərəni təsvir etmək yetər:

Paşinyan lağa qoyulur, ona lətifələr qoşulur. “Cəbrayıla yol çəkirdin, Paşinyan. Nə oldu? Hanı o yol? Bəs Şuşada parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi”, – Prezidentimizin bu sözləri insanlar arasında zərb-məsələ çevrilib. Biri dediyinə əməl etməyəndə onu məsxərəyə qoyub soruşurlar: “Nə oldu bəs, Paşinyan?”...

Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri yerləşdirilib. Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27 sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Bu saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer alıb. 27 sentyabr axşam saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar var. 

Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdır. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib. 

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.