Dmitri Mendeleyev

48bF...osq9
20 Jan 2024
55

DMİTRİ MENDELEYEV - dövri qanunu kəşf etmiş dahi

 

Dmitri İvanoviç Mendeleyev 1834-cü il yanvarın 27-də Rusiyada, Tobolskda anadan olub.

Anası istəyirdi ki, oğlu yaxşı təhsil alsın. Odur ki qardaşının heç bir təklifini qəbul etməyərək, Dmitri ilə birlikdə mart ayında, qəbul imtahanlarına hələ çox qalmış poçt arabası ilə Sankt-Peterburqa yola düşürlər.

Mariya Dmitriyevna həyat yoldaşının tələbəlik dostu olmuş və indi universitetdə riyaziyyat professoru olan Dmitri Semyonoviç Çijovu axtarıb tapır və ondan kömək istəyir. Aleksandr Dmitrieviç Tixomonrisskinin köməyi ilə 1850-ci il mayın 1-də Dmitri Mendeleyevin sənədləri qəbul olunur və o, avqustda fizika-riyaziyyat fakültəsinə qəbul edilir.

Dmitri tələbə olduqdan bir ay sonra anası Mariya vəfat edir. Son həftələr o, oğlunun oxuduğu İnstitutun yaxınlığında Liza ilə birlikdə kirayədə qalırdı. Mariyanın 57 yaşı vardı. İnstitutun ciddi qaydalarına görə, Dmitri yalnız İnstitutda gecələməli idi. Odur ki gecədən xeyli keçənə qədər anasının çarpayısının yanında qaldıqdan sonra İnstituta qayıtmaq məcburiyyətində olurdu.

Qışda xəbər gəldi ki, dayısı Vasili Dmitriyeviç də vəfat etdi.

Peterburqun iqlimi Mendeleyevlərin sağlamlığına çox pis təsir etmişdi. Mendeleyevi o dövrdə görən hər kəs onun kəskin xəstə olduğunu qeyd edirdi. O isə eyni vaxtda zəif və qüvvətli olması ilə yaşamaqda və oxumaqda davam edirdi.

Mendeleyev çox böyük çətinliklə əksər fənlərdən (fransız dili və astronomiya müstəsna olmaqla) kafi qiymət alırdı. Amma sonrakı ildən başlayaraq işlər düzəlməyə başlayır (hətta ağır xəstə halda lazaretdə yatsa da). İlin nəticələrinə görə o, 25-ci yerdən 7-ci yerə qalxır və yeni kursun ən qabiliyyətli tələbələrindən biri olur.

1855-ci il mayın 17-də əsas Pedaqoji İnstitutda 8-ci buraxılış tələbələrinin təbiət elmləri üzrə açıq imtahanları başlayır. Kimyadan imtahan beş saat yarım davam edir. Dmitriyə «Amidlər və sineroid (XIX əsrdə sian qazını belə adlandırırdılar) və onun birləşmələri haqqında sual verilmişdi. İmtahan qurtardıqda hamı Dmitrini və onun müəllimi Voskresenskini təbrik edirdi. Baş müəllim adına və qızıl medala layiq görülən Mendeleyev daha bir il institutda qalmaq və magistr imtahanlarına hazırlaşmaq təklifi alır.


Baş müəllim Dmitri İvanoviç Mendeleyevin təyinatını Simferopola verdilər. Hər halda Mendeleyev Simferopola getməli olur. Mendeleyev Peterburqdan yola düşməzdən əvvəl professor Zdekauzerlə görüşür. O, Dmitrini yenidən müayinə edir, qeyri-müəyyən «hm» deyir və həmkarı, cərrah Piroqova məktub yazır ki, orada diaqnozu təsdiq və ya inkar etsin. Həmin dövrdə müharibə gedirdi və Piroqov hospitalda cərrah işləyirdi.

Simferopola gəldikdən bir qədər sonra Mendeleyev Piroqovun qəbuluna düşür və professorun məktubunu ona verir. Piroqov diqqətlə onu müayinə edir və «vərəm» diaqnozunu təsdiq etmir. O qeyd edir ki, sən məndən də Zdekauezdən də çox yaşayacaqsan. Piroqov Mendeleyevdə təhlükəli olmayan ürək xəstəliyini ehtimal edir və bütövlükdə xəstəliyin çoxillik ruhi sarsıntıların, həyəcanların təsirindən olduğu qənaətinə gəlir. Həkim Mendeleyevə məsləhətlər verir: istədiyin qədər işlə, amma elə et ki, yorulma, çoxlu gəzmək və səyahət etmək lazımdır, ən başlıcası, heç vaxt öz naturan üçün heç nədən imtina etmə.

Gimnaziyada da yeni müəllimdən çox razı idilər. Hamı bilirdi ki, Mendeleyev magistr imtahanlarına hazırlaşır və axşamlar dissertasiya yazır.

Dmitrinin yerinə yetirdiyi «Xüsusi həcm» adlı dissertasiya işi Odessada altı ay icra olunmuşdu, özünəməxsus elmi trilogiya idi. Bu işdə kimyanın o dövrkü ən aktual məsələləri, başlıca olaraq, atom və molekulların həcmi problemləri möhkəm atomistik mövqedən tədqiq olunurdu. Faktiki olaraq bu, onun tələbəlikdə icra etdiyi izomorfizmə aid işin təbii davamı idi. Əslində, bu işdə o, dünya ədəbiyyatında ilk dəfə olaraq hidrogenə nəzərən sıxlıq əsasında qazların molekul çəkisini hesablama formulunu təklif etdi.

Mendeleyev dissertasiya işini yekunlaşdırdıqca tez-tez Peterburq haqqında düşünür.


1856-cı il aprelin ortalarında Mendeleyev öz institut professorlarına müraciət edərək onun Peterburqa qayıtmasına kömək etmələrini xahiş edir. Artıq may ayında Mendeleyev Peterburqa gəlir və tezliklə magistr imtahanlarını vermək istəyir. Voskresenski onun əlyazmasını bəyənir (ancaq məsləhət görür ki, ən yeni tədqiqatların nəticələrini əlavə etsin) və özü universitetin rektoru P.A.Pletneyevin qarşısında vəsatət qaldırır. Müstəsna hal kimi Mendeleyevə icazə verilir ki, imtahanlara yalnız dissertasiyanın tezislərini təqdim etsin. Gimnaziyadan növbədənkənar məzuniyyətini alıb Peterburqa gəlmiş baş müəllimin dissertasiyanı tam həcmdə çap etdirməyə nə vaxtı, nə də pulu var idi. Müraciətində dissertant söz vermişdi ki, rəsmi disput üçün dissertasiyanı tam həcmdə təqdim edəcək. Onun xahişi nəzərə alınır. İlk imtahan mayın 18-ə təyin olunur. Həmin gün iddiaçıya tapşırılır ki, bəsit və mürəkkəb maddələrdə ekvivalentlərə aid suala cavab versin, efirlərin əmələ gəlməsi nəzəriyyəsini söyləsin, həmçinin «artilleriya metalı»nın və digər ərintilərin tərkibini təhlil etsin. Gözlənildiyi kimi, bütün imtahanlar uğurla verilir.

Bir dəfə Fira Mendeleyevi on beş yaşlı Sonya Kaş ilə (keçmişdə Tobolsk dövlət aptekinin müdiri olmuş və sürgün edilmiş həkim Mark Efimoviç Kaşın qızı idi) tanış etmək istəyir. Fira onları tanış edir və həmin anda Mendeleyev Sonyanı necə sevdiyini özü də hiss etmir.

Oktyabrın 21-də Mendeleyev «Gilli torpaq birləşmələrin quruluşu» adlı yeni dissertasiyanı müdafiə edir. Müdafiədən bir həftə sonra universitet vəsatət qaldırır ki, Mendeleyev Odessadan Sankt-Peterburq Universitetinə privat-dosent vəzifəsinə köçürülsün.

1860 il Sentyabrın 3-də Mendeleyev Karlsruedə 1-ci Beynalxalq kimya konqresində iştirak edir. Bu konqresin böyük elmi əhəmiyyəti vardı, çünki məhz bu konqresdə kimyəvi formulların yazılmasındakı müxtəlifliklər aradan qaldırılmalı idi. Konqresdə 140 nəfər iştirak edirdi. Onun komitəsinə seçilən Men­deleyev həmin vaxtdan kimya elminin ən görkəmli nümayəndələrinin dairəsinə daxil oldu. Xüsusilə o, Düma, Vürs və Stanislao Kannissaro ilə yaxınlaşdı.

Bir sıra tədqiqatları Avropada həyata keçirməsi üçün Mendeleyevin ezamiyyət müddətinin uzadılması lazım idi.

Mendeleyevin Rusiyaya yola salınması fevralın 18-də olur.

Mendeleyev Avropadan Sankt-Peterburqa qayıdır və tezliklə sevimli müəllimi Voskresenski ilə görüşür.

Mendeleyev Demidov mükafatı üçün müsabiqə elan olunduğunu bilir və üzvi kimya dərsliyini yazaraq bu mükafata təqdim etmək qərarına gəlir. Birinci mükafatın tam dəyəri 1428 gümüş pul idi (yarım qiymətli birinci mükafat da var idi).

Həcmi 34 çap vərəqi olan dərslik cəmi üç aya yazılmış və nəşrə hazırlanmışdı. Dərsliyə rəyi akademik Y.F.Frisşe və N.N.Zinin vermişdi: «Cənab Mendeleyevin «Üzvi kimya» dərsliyi bizdə elmin qısa dərs vəsaitinin sərbəst işlənməsi təsəvvürünü yaradır. İşləmələr, bizim fikrimizcə, nadir hadisədir, olduqca uğurludur və kitabın dərslik kimi təyinatına ən yüksək səviyyədə uyğundur». Sonrakı il aprelin 26-da Mendeleyev ona Demidov mükafatının verilməsi haqqında məlumat alır.



Tezliklə Mendeleyev Texnoloji İnstitutda kimya dərsi deməyə dəvət olunur və 10 il həmin institutda işləyir.

Artıq 1861-ci və 1862-ci illərdə Mendeleyev maddi vəziyyətini xeyli yaxşılaşdırmışdı, belə ki, həmin illərin hər birində beş min rubl əməkhaqqı almışdı. 1863-cü ilin martında Mendeleyevin qızı Maşa dünyaya gəlir.

Vasili Aleksandroviç Kokorev Bakı yaxınlığında aldığı yeni neft yatağının təkcə taleyini həll etməyi yox, həm də Zaqafqaziya neft mədənlərinin istismarının rentabelliyini müəyyən etməyi Mendeleyevə tapşırır. Mendeleyev Suraxanıda çalışdığı vaxt ailəsində bədbəxt hadisə baş verir. Qızı Maşa xəstələnərək vəfat edir. Mendeleyev bundan çox kədərlənir. Amma həyat davam edir və 1864-cü ildə Mendeleyevə xoş xəbər gəlir.

Dmitri İvanoviç Mendeleyev öz doktorluq dissertasiyasında qatılıqlarından və temperaturdan asılı olaraq spirtlərin xüsusi çəkisini öyrənirdi.

1865-ci il yanvarın sonunda Mendeleyev «Suyun spirtlə birləşməsi haqqında mühakimələr» adlı dissertasiyasını müdafiə edir. Bir neçə həftə sonra onu Texniki Universitetdə texniki kimya kafedrasına ştatdan kənar professor seçirlər. Artıq o, Peterburq Universiteti şurasının üzvü, tanınmış və hörmətli adamdır. Ən başlıcası isə o, yenidən ata olur, yanvarın ikisində oğlu Vladimir dünyaya gəlir.

1869-cu ildə Mendeleyev Universitet şurasına fizika-riyaziyyat fakültəsində təbiət elmlərinin paylanması üzrə özünün yeni layihəsini təqdim edir. Bu layihədə o, ümumi fənlərin həcmini azaltmağı, tələbələrin seçdiyi fənlərin həcmini artırmağı təklif edir. Butlerov və Menşutkinlə birlikdə kimya laboratoriyalarının saxlanması və inkişafı üçün vəsaitin artırılmasının vacibliyini göstərən təqdimat hazırlayırlar: «... nə qədər ki bizdə öz elmi mərkəzlərimiz yaranmayacaq, nə qədər ki praktiki işlərin öyrənilməsi üçün yetərli olmayan laboratoriya vəsaiti ayrılma- yacaq, nə qədər ki bunun üçün biz xaricə getməli olacağıq, nə qədər ki dövlət kifayət qədər mütəxəssislərlə təmin olunmayacaq və müstəqil elmi məktəblər yaranmayacaq, həqiqi, daima inkişaf edən elmi hərəkat da olmayacaq».

Noyabrda Rus Kimya Cəmiyyətinin birinci iclası keçirilir və N.N.Zinin cəmiyyətin sədri, N.A.Menşutkin kargüzar seçilir. D.İ.Mendeleyev cəmiyyətin jurnalının yaradılması üçün təşkil olunan komissiyaya daxil olur.

Fevralın əvvəlində məlumat gəlir ki, Mendeleyev 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur.

 




Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to iftixar

3 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.