Teymurilər dövləti
Teymurilər dövləti
Teymurilər İmperiyası (özb. Temuriylar imperiyasi), (fars. تيموريان, translit. Tīmūriyān; özünüadlandırma: Gurkanilər (fars. گوركانى, translit. Gurkānī) və ya Turan (fars. توران, translit. Tūrān)) — 1370–1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmiş[6][7] monqol[8][9] boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.[10][11][12][13]
Teymurilər dönəmində Türkistan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türkistan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir.[14] Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Bu səbəbdən XIV-XV əsrlərdə Səmərqənd tarixinin qızıl dövrünü yaşamışdı.[15] Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq da xatırlanmaqdadır. 1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu.[16][17][18] Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi.[19]
Sülalənin etnogenezi[redaktə | mənbəni redaktə et]
Dövlətin qurucusu Əmir Teymurun fransız səyyah Andre Tevenin kitabında təsviri.
Teymurilər dövlətinin əsası Əmir Teymur (çağatayca: تیمور ; Tēmür) tərəfindən qoyulmuşdur. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir.[20] Əmir Teymur əslən barlas boyundandır. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[6][7] monqol[9][21] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[21] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[22]
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[9] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş[23] və çağdaş özbəkcənin[24][25] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.
Əmir Teymur Çingizlilər soyundan gəlmirdi. Bu səbəbdən dövrün qaydalarına görə böyük xan titulu daşıya bilməzdi və o, əmir titulunu götürdü.[26] 1370-ci ildə Çingizlilər soyu ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi.[27] Bu səbəbdən Teymurilər dövləti Əmir Teymurun adı ilə adlandırılmasından başqa, mənbələrdə Gurkānī olaraq da xatırlanır.[28]
Əmir Teymurun ilk illəri və hakimiyyəti[redaktə | mənbəni redaktə et]
Əsas məqalə: Əmir Teymur
Əmir Teymur 1336-cı ildə Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. Bu bölgə 1300-cü illərdə monqol hakimiyyəti altında idi. Həmin dövrdə türklərlə monqolların birlikdə yaşadığı və qaynayıb qarışdığı sosial mühit mövcud idi. Bu quruluşun bir təzahürü olaraq onsuz da türk mədəniyyətindən çox təsirlənmiş olan monqollar bölgədəki mənəvi mühitin də təsiri ilə İslamı qəbul etməyə başlamışdılar. Teymurun mənsub olduğu tayfa da bu mühitdən təsirlənmişdi.
İlk illəri və Mavəraünnəhrin tabe edilməsi[redaktə | mənbəni redaktə et]
Əmir Teymur Bəlx döyüşündə (1370). Mirxvənd Ravzat əl-Səfa tərəfindən çəkilmişdir. Britaniya kitabxanasında saxlanılır.… Çingiz xanın nəvəsi Tuğluq Teymur[q 1] Mavəraünnəhr məmləkətini ələ keçirmək məqsədilə qoşun çəkib, Xocənd suyundan[q 2] adlayıb keçərkən mənim, Əmir Hacı Bərlasın və Əmir Bəyazid Cəlayirinin adımıza yarlıq göndərərək tələb etmişdi ki, hüzuruna gələk. Əmir Hacı Bərlasla Əmir Bəyazid məndən məsləhət istədilər ki, öz uluslarından keçib Xorasana getsinlər, yoxsa Tuğluq Teymur xanın hüzuruna yollansınlar? Mən onlara belə yol göstərdim: Tuğluq Teymur xanın hüzuruna getsəniz, iki fayda, bir ziyan gözlənilir, Xorasan tərəfə keçib getməyin isə iki ziyan, bir faydası vardır. Onlar mənim məsləhətimə əhəmiyyət verməyərək öz yurdlarının içindən keçib Xorasan tərəfə yollandılar. Mən də çaşbaş qaldım, bilmədim Xorasana getsəm yaxşıdır, yoxsa Tuğluq Teymur xanın yanına. İki fikir arasında qaldım. Vəziyyəti belə görəndə pirimə[q 3] məktub göndərib ondan məsləhət istədim. O, bu məzmunda cavab yazıb mənə yolladı:
"Dördüncü xəlifə Həzrəti Əli ibn Əbu Talibdən (ona Tanrının kərəmi və mərhəməti olsun) bir adam soruşub ki, göylər kaman, Yer üzü kaman kirişi, olaylar, bəlalar, müsibətlər ox, insanlar da həmin yay-oxa hədəf olsalar, oxu atan isə Allah-Təalə olsa (onun qüdrəti daha da ulu olsun) adamlar hansı tərəfə qaçmalıdır? Xəlifə cavab verir ki, adamlar Tanrının qənşərinə qaçmalıdır. Buna oxşar olaraq sən də Tuğluq Teymur xanın qarşısına yürüş elə və bu yay-oxunu çəkib əlindən al". Bu cavab mənə çatan kimi könlüm qanad açdı və Tuğluq Teymur xanın qabağına getmək qərarına gəldim. …
Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 11.[29]
Teymur gənc yaşlarında olarkən Şərqi Türkistanda hökm sürən İli monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getməmiş və Tuğluq Teymura tabe olduğunu bildirmişdi.[30] Qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilmişdi.
Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya vermiş[31], Teymuru da onun xidmətinə təyin etmişdi.[32] İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazaxanın nəvəsi Əmir Hüseynin[33] yanına getdi. Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıb[28][34], Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra[34] yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər. Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olmuşdur.[28][35][36]
Yaraları sağaldıqdan sonra Teymur Hüseynlə birlikdə yenidən Mavəraünnəhrə gələrək Tirmiz, Bəlx və Keş şəhərlərini İlyas Xocanın adamlarının əlindən alıb özünü də məğlub etdikdən sonra qurultay toplayıb Tuva xanın nəvələrindən Qabilşah Oğlanı xan elan etdilər. Teymur Hüseynlə birlikdə uzun çəkən mübarizədən sonra Mavəraünnəhrə hakim oldular. Bu iki dost arasında Hüseynin bacısı Ulcay Türkan ağanın Teymurla evlənməsi səbəbindən qohumluq əlaqələri də yaranmışdı.[28] Ancaq 1365-ci ildən sonra araları getdikcə soyumağa başladı. Teymurla Hüseyn arasında Mavəraünnəhrdə hakimiyyət qurmaq uğrunda mübarizə gedirdi.[37] Əmir Hüseyn Adil xanın adına hərəkət edirdi. Teymur da buna qarşılıq olaraq Çingizlilər nəslindən Suyurqatmış xanı taxta çıxararaq Əmir Hüseynin üstünə getdi. 1370-ci ildə Bəlx şəhərində müharisəyə alınan Əmir Hüseyn tutuldu[38] və Xutallan hakimi Əmir Keyxosrovun qardaşını öldürdüyünə[39] görə öldürüldü.[38] Bundan sonra Teymur bütün Mavəraünnəhrə hakim oldu. Əmir Hüseynin hərəmxanası və xəzinələri Teymurun əlinə keçdi. Əmir Hüseynin hərəmxanasından özünə seçdiyi xanımlar arasında Qazan Sultanın qızı Saray Mülk xanım da vardı. Məhz bu evlilikdən sonra Saray Mülk xanım xan qızı olduğuna görə Teymur özünə xan ailəsinin kürəkəni olduğunu bildirən Gürkan titulunu götürmüşdü.[28]
Əmir Teymurun Xarəzmə yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun ordusu. Kəmaləddin Behzad tərəfindən çəkilmişdir. XVI əsr
Şimal və Qərbi Xarəzm Cuçi ulusuna, Qat və Xivə isə Çağatay ulusuna aid idi. Əmir Teymur da Çingizlilər soyundan gələn Suyurqatmış xanı taxta çıxardıqdan sonra dövləti Çağatay xanədanının adından idarə edirdi.[28] Əmir Teymuru Konqurat oymağından[28] Tenqüdeyin oğullarının əlində olan Xarəzm bölgəsinin ən böyük şəhərləri, Qat və Xivə maraqlandırırdı.[28] Əmir Teymur oraya nəzarət edən Hüseyn Sufiyə elçi göndərərək bu iki şəhərin Çağatay xana aid olduğunu və bu səbəbdən oraların təhvil verilməsini istədi. Hüseyn Sufi isə cavabında bu yerləri qılıncla aldığını və kiminsə ondan bu yerləri ancaq qılıncla geri ala biləcəyini bildirdi.[28] Bundan sonra Əmir Teymur bölgəyə qoşun yeritdi. Qat ələ keçirildi və ətraf ərazilər qarət olundu.[28] Xarəzm mühasirəyə alındı, amma Hüseyn Sufinin mühasirə zamanı öldüyü və yerinə qardaşı Yusif Sufinin keçməsi xəbərindən sonra sülh əldə olundu.[40]
Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir Mirzənin evləndirilməsi qərarlaşdırıldı.[28] Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı.[28] Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir Mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir Mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymuri taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.[41]
1379-cu ildə Xarəzm məsələsi yenidən alovlandı. Xarəzm hakimi Yusif Sufi Əmir Teymurun şərqdə məşğul olmağından yararlanmaq istəmiş, Buxara və ətrafına əsgər göndərmişdi. Əmir Teymur elçi göndərsə də Yusif Sufi bu elçini tutdurmuşdu. Bundan sonra Əmir Teymur hücum edərək Yusif Sufini üç ay mühasirədə saxladı. Yusif Sufinin xəstələnib ölməsi nəticəsində yerinə Süleyman Sufinin keçməsindən sonra razılıq əldə olundu və yürüş başa çatdı.[28][42] Beləliklə Xarəzm bölgəsi Teymurilər dövlətinə tabe oldu, amma bir müddət sonra Toxtamışın təsiri ilə Sufi ailəsi yenidən Əmir Teymura qarşı çıxdı. Sufi ailəsinin də mənsub olduğu Konqurat boyu Xarəzmdə hakimdi. Bu boy Qızıl Ordaya yaxınlığı ilə seçilirdi. Qızıl Orda xanı Toxtamışın anası da bu boydandı. Bu boya mənsub olan əmirlərin Qızıl Ordada nüfuzu böyükdü. Hətta Əli bəy Konqurat Toxtamışın baş bəyi idi. Əmir Teymur 1371–1379-cu illərdə Xarəzmə etdiyi dörd yürüşlə bu bölgəni Teymurilər dövlətinə tabe etsə də, Sufi ailəsini və Konquratları tam şəkildə tabe etdiyini demək doğru olmazdı. Konquratlar Toxtamış xan Qızıl Orda dövlətini dirçəltdikdən sonra ona meyil etdilər və Əmir Teymur 1388-ci ildə yenidən Xarəzmə yürüş edərək bu dəfə tam olaraq Xarəzmi dağıtdı və özünə tabe etdi.[28][43]
Əmir Teymurun Xorasana yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Xorasan istiqamətində yürüşüXorasan məmləkəti əlimizə keçəndən sonra əmirlərim təklif elədilər ki, adları çəkilən üç məmləkətə[q 4] qoşun göndərək. Mən dedim ki, əgər qoşunun özü təkbaşına bu işin öhdəsindən gələ bilməsə, necə olsun? Onda özümün ora getməyim lazım gələcəkdi. Mənim vacib saydığım özgə işlər çox idi. Məsləhətim belə oldu ki, həmin diyarların hakimlərini öz tərəfimə çəkmək üçün onlara bu məzmunda məktub yollayım: "Əgər mənə qoşulsanız, xilas olacaqsınız, mənə qarşı çıxsanız, yeniləcəksiniz. Yeniləcəyiniz təqdirdə gözləriniz çox şeylər görəcək". Bu tədbir taleyimlə düz gətirdi. Fərmanım hökmdarlara yetişən kimi itaətkar başlarını tabelik məqamına qoydular.Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 59–60.[44]
Əmir Teymur Xarəzm məsələsi həll olunduqdan sonra hücum istiqamətini parçalanmış vəziyyətdə olan İrana çevirdi. O dövrdə Amudərya çayından qərbə doğru bu dövlətlər mövcuddu. Mərkəzi Herat olmaqla Xorasanda Kertlər (1245–1383); mərkəzi Səbzivar olmaqla Xorasanın qərbində Sərbədarlılar; mərkəzi Gürgan olmaqla Astrabad; Bəstam, Damğan və Simnanda Toğa Teymurlular; mərkəzi Şiraz olmaqla Fars və Kirman ətrafında Müzəffərilər (1294–1393); mərkəzi Bağdad olmaqla Ərəb İraqı, Əcəm İraqı və Azərbaycan bölgələrində isə Cəlairilər dövləti hökmranlıq edirdi. Əmir Teymur Kert dövlətindən başlayaraq bütün bu bölgələri Teymurilər dövlətinə birləşdirdi.
Əmir Teymur 1380-ci ildə Kertlərin hakimiyyətində olan Heratı ələ keçirdi.[45][46] Daha sonra Xorasanın qərbinə irəliləyərək Sərbədarlıların mərkəzi olan Səbzivarı tutdu.[47] 1381-ci ildə isə Əmir Vəlinin hakimiyyəti altında olan Toğa Teymurluların üstünə hücum etdi və İsfərayeni ələ keçirərək Astrabada qədər irəlilədi.[48] Əmir Teymur geri çəkildikdən sonra Əmir Vəli yenidən ölkəsinə hakim oldu, amma 1384-cü ildə Əmir Teymurun ordusu yenidən gəldikdən sonra Azərbaycan istiqamətində qaçdı və ölkəsinin torpaqları tamamilə Teymurilər dövlətinin tərkibinə qatıldı.[49]
Əmir Teymurun üç illik yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun üç illik yürüşü…İsfahanı zəbt elədim. İsfahan əhalisinə ehtiram göstərib, İsfahan qalasını onların öz ixtiyarına buraxdım. Onlar isə üsyan qaldıraraq təyin elədiyim darğanı öldürdülər və üç əsgərimi nizədən keçirdilər. Mən də İsfahan əhalisini bir ucdan qırmaq haqqında buyruq verdim.Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 62.[50][51]
Əmir Teymur Xorasan yürüşü müddətində İranın vəziyyəti ilə daha yaxından tanış olduqdan sonra 1386-cı ildə buranı tamamilə ələ keçirməyi qərarlaşdıraraq Səmərqənddən hərəkətə başladı. Həcc ziyarətinə gedən karvanlara hücum etdiyini bəhanə edərək Luristan hakimi Məlik İzzəddin və oğullarını ələ keçirib Səmərqəndə göndərdi.[48] Buradan Azərbaycan istiqamətində irəlilədi. Əmir Teymur Bağdad hakimi Sultan Əhməd Cəlayırın Təbriz istiqamətində irəlilədiyi xəbərini almışdı, amma Sultan Əhməd Cəlayır Əmir Teymurun onun üstünə gəldiyi xəbərini aldıqdan sonra Bağdada geri döndü. Bu səbəbdən Təbriz Əmir Teymur tərəfindən rahatlıqla ələ keçirildi.[52] Yayı Təbrizdə keçirən Əmir Teymur sonra qəzavat məqsədilə gürcülər üzərinə hücuma keçdi. Sürməli və Qars qalalarını tutaraq dağıtdı.[53] Naxçıvan və Qars ətrafını nəzarətə aldıqdan sonra isə Tiflisə daxil oldu. Əmir Teymur Gürcüstana etdiyi hücum zamanı müsəlman olan gürcülərə toxunmamış və hərəkətlərinə görə onları mükafatlandırmışdı. Bunu nəzərə alaraq Gürcüstana qəzavat məqsədilə gəlməsində səmimi olduğunu düşünmək olar. Əmir Teymur Tiflisi ələ keçirdikdən sonra Şirvan ətrafı əraziləri də özünə tabe edib qışı keçirmək üçün Qarabağa getdi.[54] Əmir Teymur 1387-ci ildə İsfahana daxil oldu. İsfahanda əvvəlcə şəhərin önəmli şəxsləri, seyidlər, alimlər Əmir Teymuru qarşılamağa çıxdı və şəhərə aman verilməsi qarşılığında mal verilməsi razılaşdırıldı. Malı almaq üçün şəhərə daxil olan əsgərlərə bir qrup adam hücum elədi və hamısını öldürdülər. İsfahanlıların üsyan qaldırması səbəbindən Əmir Teymur geri döndü və üsyan yatırıldı.[28][50]
Əmir Teymur İsfahanı ələ keçirdikdən sonra Şiraz istiqamətində irəlilədi. Əmir Teymur Şirazda olarkən ona Toxtamışın müxaliflik edərək əsgər göndərdiyi və Səmərqənd ətrafında qarışıqlıq çıxdığı xəbəri çatdı. Bu səbəbdən o, Səmərqəndə geri döndü.[28][55] Şirazın tam olaraq alınması isə Məhəmməd Müzəffər və oğullarının öldürülməsindən sonra Şirazın Əmirzadə Ömər Şeyxə soyurqal kimi verilməsi ilə başa çatdı.[56]
Əmir Teymurun Dəşt-i Qıpçaq üzərinə yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Dəşt-i Qıpçaq üzərinə yürüşü.
Əmir Teymur Xarəzmə yürüş edərkən onun yoxluğunu fürsət bilən monqollar Mavəraünnəhrə hücum edərək qarət etməyə başlamışdılar. Əmir Teymur 1375-ci ilin sonunda Duğlat əmiri Kəmərədin üstünə hücuma keçdi, amma qış sərt keçdiyindən Səmərqəndə geri döndü. 1377-ci ildə yenidən hücuma başladı və monqol əmiri məğlub olaraq qaçdı.[57]
Çingiz xanın oğlu Cuçi xanın soyundan gələn Toxtamışın atası Ağ Orda hökmdarı Urus xan tərəfindən öldürüldükdən sonra Toxtamış 1376-cı ildə Səmərqəndə gələrək Əmir Teymura sığınmışdı.[58][59] Əmir Teymurdan dəstək aldıqdan sonra Toxtamış 1377-ci ildən başlayaraq Şərqi Dəşt-i Qıpçağa yiyələndi və 1380-ci ildə Qızıl Orda dövlətində hakimiyyəti ələ keçirdi.[60] Bu mövqeyə yüksəldikdən sonra Əmir Teymurun ona etdiyi köməkləri unutdu və onu kiçik hesab etməyə başladı.
Uğur qazandıqdan sonra Qızıl Orda dövlətini keçmiş sərhədlərinə çatdırmaq üçün Əmir Teymurdan Xarəzmi geri istədi. Bu istək Əmir Teymurla münasibətlərinin gərginləşməsinə səbəb oldu. Toxtamış 1386-cı ildə qarət məqsədilə Əmir Teymurun hakimiyyəti altında olan Azərbaycana hücum etməkdən çəkinmədi[61] və həmin il Əmir Teymurun yürüşdə olmasından istifadə edərək onun oğlu Ömər Şeyxi məğlub edib Mavəraünnəhri qarət etdi.
Əmir Teymur Toxtamışın üstünə hücum etməzdən əvvəl Xarəzm istiqamətinə irəlilədi. 1388-ci ildə beşinci dəfə Xarəzmə daxil olan Əmir Teymur Toxtamışın ən önəmli dəstəkçilərindən olan Konquratlara ağır zərbə vurdu və önəmli bir müxalifini yox etdi.[62] O, Ürgənc şəhərini ələ keçirdi və əhalisini Səmərqəndə köçürdü. Ürgənci dağıtdı və yerinə arpa əkilməsi göstərişini verdi.[28] Bu şəhər 1391-ci ildə Əmir Teymurun Qıpçaq üzərinə yürüş etməsinə qədər dağılmış şəkildə qaldı. Qıpçaq yürüşü müddətində bərpa olunmasına göstəriş verildi.[63]
1390-cı ildə Əmir Teymur Dəşt-i Qıpçaq üzərinə irəliləmək üçün Səmərqənddən yürüşə başladı. Otrar yaxınlığındakı Qaraasman bölgəsinə çatanda Toxtamışın elçiləri gəldi. Bu görüşdə elçilər Toxtamışın üzr istədiyini çatdırdılar. Əmir Teymur isə cavabında Toxtamışdan xoş davranış görmədiyini və ona güvənmədiyini bildirdi. Əmir Teymur təhlükəsizlik məqsədilə elçiləri tutdurduqdan sonra 22 fevral 1391-ci ildə hərəkətə başladı. O, böyük məsafə qət edərək 20 iyun 1391-ci ildə Toxtamışın ordusu ilə qarşılaşmışdı. Bu müddət ərzində ordusunda baş qaldıran ciddi aclıq və susuzluq problemlərinin də öhdəsindən gəlmişdi.[28][64] Əmir Teymur ordusunu ənənəvi olaraq üç yerə bölmək əvəzinə yeddi yerə bölmüşdü. Ağır keçən döyüşdən sonra Əmir Teymur qalib gəlmiş, Toxtamış isə qaçmağı bacarmışdı.[65] Toxtamışın Əmir Teymuru ordusu ilə birlikdə Dəşt-i Qıpçağın dərinliklərinə doğru çəkib məhv etmək planı baş tutmamışdı.[66]
Əmir Teymurun beş illik yürüşü[redaktə | mənbəni redaktə et]
Dəşt-i Qıpçaq yürüşü müddətində İrandakı bəzi yerli hakimlər Əmir Teymurun yoxluğundan istifadə edərək ona qarşı çıxdılar. Əmir Teymur adamlarını ora göndərərək əsgər yığmalarını və döyüşə hazırlaşmaqlarını istədi. Özü isə 1392-ci ilin iyun ayında Buxaraya gəldi. Buradan Amudərya çayını keçərək Mazandarana irəlilədi və buranın qarşı çıxan hakimlərini tabe etdi. Buradan Cənubi İrana, Fars bölgəsinə irəliləyərək Müzəffərilərin üstünə hücum etdi. Şah Mənsur Əmir Teymurun hakimiyyətini tanımayaraq Şiraza çəkildi.[67] Əmir Teymur 1393-cü ilin mart ayında ora hücuma keçdi. Şah Mənsur ağır şəkildə məğlubiyyətə uğradı və ələ keçirilib bütün xanədan üzvləri ilə birlikdə öldürüldü.[67] Torpaqları isə Ömər Şeyxə soyurqal olaraq verildi.Əmir Teymurun beş illik yürüşü
Mazandaran və Fars bölgələri zəbt edildikdən sonra Əmir Teymur 1393-cü ilin avqustunda Bağdad istiqamətində irəlilədi. Bağdadda Cəlairilərin sonuncu nümayəndəsi olan Sultan Əhməd Cəlayıra dəyərli hədiyyələr göndərərək tabe olmasını istədi.[65] Əmir Teymurdan qorxan Sultan Əhməd Cəlayır bunu qəbul etdi, lakin ona qarşı gücü olmadığından Şama qaçaraq Məmlük dövlətinə sığındı.[68] Bu səbəbdən Əmir Teymur əvvəlcə Bağdada irəlilədi. Bağdadı ələ keçirdikdən sonra Ərzincan əmiri, Qaraqoyunlu və Ağqoyunlu bəyləri və Sivas-Kayseri bölgəsinin hakimi Qazi Bürhanəddinə elçilər göndərərək tabe olmalarını bildirdi. Eyni zamanda Məmlük dövlətinə də elçi heyəti göndərmişdi. Ancaq elçilərin cavabını gözləmədən irəliləməyinə davam edərək Mosul, Mardin və Diyarbəkiri zəbt edərək Van gölünün şimalındakı Aladağa gəlmişdi. Burada olarkən Ərzincan əmiri Taharten yanına gələrək tabe olduğunu bildirmişdi. Məmlük sultanı isə Əmir Teymurun elçi heyətini öldürmüşdü. Əmir Teymur bu səbəbdən Suriya istiqamətində irəliləmək qərarını qəbul etdi, amma Qazi Bürhanəddinin səyləri nəticəsində İldırım Bəyazid, Sultan Berqoq, Toxtamış və Qazi Bürhanəddin arasında ittifaq qurulmuşdu. Ərzuruma qədər irəliləyən Əmir Teymur cənubdan Məmlüklər, şimaldan isə Toxtamışın qüvvələri arasında qalacağını düşünərək geri dönüb Toxtamışın üzərinə hücuma başladı.
Geri dönərkən ilk olaraq Gürcüstanın fəth olunması ilə məşğul oldu. Bunun səbəbi isə Kral Baqratın Əmir Teymura bağlılıqdan imtina edib üsyan etməsi idi. Baqratın xəyanətindən sonra Əmir Teymur Tiflisə daxil olaraq oranı qarət etdi və bütün Kartli ilə Kaxetiya arasındakı bölgəni dağıtdı. Xristian din xadimləri və abidələrinə hücum edildi. Qırğın və qarət üst Kartlinin bütün vadilərində həyata keçirildi.
1391-ci ildə Qunduzca döyüşündə məğlub olmasına baxmayaraq Dəşt-i Qıpçaqdakı gücünü qoruyan Toxtamış Məmlük sultanı Berqoqa elçilər göndərərək Əmir Teymura qarşı onunla ittifaq qurmuşdu. Qisas almaq üçün Əmir Teymur Mardin və Diyarbəkirdə olduğu vaxt hücum edərək Dərbənddən keçmiş və Şirvanı talan eləmişdi.[68] Gürcüstanı nəzarətə alan Əmir Teymur hazırlıqlarını tamamladıqdan sonra 1395-ci ilin fevral ayında Toxtamışın üstünə hücuma başladı.[68] Toxtamışı birdəfəlik məğlub etmək məqsədilə irəliləyən Əmir Teymur 1395-ci ildə Terek çayı sahilində onunla qarşılaşdı. Əmir Teymur bir mühasirə həlqəsi əmələ gətirdi və bu həlqə daraldıqca ordusuna üstünlük və ruh yüksəkliyi qazandı. Əmir Teymur ordusundakı qadınlara əsgər paltarı geydirərək Terek çayı boyunca üç gün yuxarı-aşağı hərəkət etdirdi. Özü isə əsgərləri ilə birlikdə digər tərəfdən çayı keçərək Toxtamışın əsgərlərini ağır şəkildə məğlubiyyətə uğratdı.[69] Əmir Teymur Toxtamışı məğlub etsə də onu ələ keçirə bilmədi. Toxtamışın yenidən qüvvə toplayaraq ona qarşı gəlməsinin qarşısını almaq üçün Dnepr çayı istiqamətində irəliləyərək Toxtamışa dəstək olan qəbilələri qarət etmiş, onları Balkan yarımadasına sürgün etmişdi. Əmir Teymur irəliləməyə davam edərək Həştərxan və Saray Bərkəni ciddi müqavimətlə qarşılaşmadan ələ keçirmişdi. Bu yürüşlə Qızıl Orda dövlətinə böyük zərbə vuran Əmir Teymur Qızıl Ordanın bütün gücünü demək olar ki, yox etmişdi.[70]
Əmir Teymurun Hindistan yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Hindistan yürüşü.
Əmir Teymurun Dehli sultanı Nəsir əl-Din Mahmud Tuğluq ilə döyüşünü təsvir edən səhnə, 1398. müəllif:Şərafəddin Əli Yəzdi, (1595–1600.)
Əmir Teymur 1398-ci ilin mart ayında Hindistan yürüşünə başladı. Bu yürüşün zahiri səbəbi kafirlərlə cihad olaraq göstərilsə də,[28] Əmir Teymurun bu yürüşlə qazanacağı sərvətdən sonrakı yürüşlərini maliyyələşdirməsi üçün istifadə edəcəyini düşünüb hərəkətə başladığı ehtimalı güclüdür.[35] Əmir Teymur ordusu ilə Hind və İfasis çaylarını keçdikdən sonra Pəncab və Sind bölgələrinin də mərkəzi olan Dehli istiqamətində irəlilədi. Pəncab və Sindin mərkəzi olan Dehliyə Tuğluq sülaləsindən olan II Mahmud xan hökmranlıq edirdi.
Əmir Teymuru müşayət edən münəccimlər ilk dəfə uğursuzluq olacağını dedilər, amma Əmir Teymur onlara qulaq asmadı. Quran açıldı, zəfər və fəth vəd edən bir ayə çıxdı.[28][q 5] Dehli yaxınlarında II Mahmud xanın ordusu ilə qarşılaşan Əmir Teymur Dehli sultanının ordusunu ağır məğlubiyyətə uğratdı.[71] II Mahmud xan qaçmaqla xilas oldu. Əmir Teymurun ordusu Dehliyə daxil oldu və şəhər qarət olundu. Əmir Teymurun əlinə keçən qənimətin miqdarı o qədər çox idi ki,[71] 90 fillə geri daşınmışdı.[72]
Sənətkar, memar və rəssamlar əsərlərini Teymurilər dövlətinin paytaxtında meydana gətirməsi üçün Səmərqəndə gətirildi. Bunlar arasında divarçılar, daşyonanlar yürüşün uğurla tamamlanmasına görə Səmərqənddə tikiləcək olan Kəbir məscidinin inşa olunmasında işləmək üçün Əmir Teymurun komandanları arasında bölüşdürüldü. Bu abidənin inşa olunmasında istifadə olunması üçün naxışlarla bəzədilmiş daşlar və hindu məbədlərindəki əşyalar Səmərqəndə daşındı.[73]
Əmir Teymur atəşpərəst hinduları Qanq çayına kimi təqib etdi. Atəşpərəstlər Qanq çayı sahilində öldürüldükdən sonra çayın qırmızı rəngdə axdığı rəvayət olunur.[73] On iki ay davam edən yürüşdən sonra Səmərqəndə çatan Əmir Teymur bir müddət burada qaldıqdan sonra yenidən qərb istiqamətində yürüşə başladı.[74]
Əmir Teymurun yeddi illik yürüşü[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun 1399-cu ildə yenidən qərb istiqamətində yürüşə başlamasının səbəbi Azərbaycan tərəfdən, xüsusən də Miranşahla bağlı xoş olmayan xəbərlərin gəlməsi idi. Xorasan hakimi olduqdan sonra 1393-cü ildə Hülakü xanın taxtına təyin olunan, Azərbaycan və ətraf ərazilərin hakimliyinə gətirilən Miranşah Hindistan yürüşündə iştirak etməmişdi. Əmir Teymura isə İran və Azərbaycanda hakimiyyət boşluğu və dövlətin malının sağa-sola xərclənməsi xəbərləri çatmışdı və üstəlik görkəmli tarixçi Fəzlullah Rəşidəddinin türbəsini uçuraraq onun sümüklərini yəhudi qəbiristanlığında basdırtmışdı.[28][75]
Bu səbəbdən Əmir Teymur Hindistan yürüşündən dörd aydır ki, geri dönməsinə baxmayaraq yeni bir yürüşə başladı. Yeddi illik yürüş olaraq adlandırılsa da bu yürüş beş il davam etmişdi və Əmir Teymurun ən uzun müddət davam edən yürüşü idi. Əmir Teymur 1399–1400-cü ilin qışını Qarabağda keçirdi.[76] Sonra Azərbaycan, Gürcüstan və İraqda nəzarəti möhkəmlətdikdən sonra Bingölə gəldi. Bundan sonra Əmir Teymurun önündə Suriya və Anadolunu ələ keçirmək üçün maneə qalmamışdı.
Sivasın Əmir Teymur tərəfindən fəth olunması[redaktə | mənbəni redaktə et]
Əmir Teymurla İldırım Bəyazid arasındakı başlıca problemlərdən biri Ərzincan hakimi Taharten məsələsi idi. Taharten Əmir Teymurun daha əvvəlki yürüşündə onun hakimiyyətini tanımışdı.[77] İldırım Bəyazid 1399-cu ildə başda Malatya olmaqla Kahte, Divriği və Darende qalalarını torpaqlarına daxil eləmişdi. Beləliklə Fərat çayına qədər olan torpaqlar Osmanlıların əlinə keçmişdi. Anadoludakı siyasi birliyin təmin olunması üçün növbə Fərat çayından qərbdə yerləşən Harput, Diyarbəkir, Ərzincan və Ərzuruma gəlmişdi. İldırım Bəyazid Ərzincan əmirinə ona tabe olmasını bildirmişdi. Taharten İldırım Bəyazidə vergi verməyi qəbul etmiş, amma Kemahı Osmanlılara verməyəcəyini demişdi.[78] Bunun isə sadəcə vaxtı uzatmaq üçün edildiyi məlumdur. Taharten hakimiyyətini tanıdığı Əmir Teymura İldırım Bəyazidin istəklərini bildirmiş və onu şikayət etmişdi.
Taharten onun qəbuluna gəldikdən 2 gün sonra Əmir Teymur Sivas şəhərinə gəldi. Əmir Teymurun ordusuna Ağqoyunlu bəyi Qara Yuluq Osman bəy və Taharten başçılıq edirdi. Sivas şəhəri yüksək qala divarları ilə əhatə olunmuşdu. Cənub tərəfdən su xəndəyi vardı. Qalanı bu tərəfdən aşmaq mümkün olmasa da, qərb tərəf bu iş üçün uyğun hesab edilmiş və mühasirə başlamışdı. Şəhərin altına tunel qazılmış və şəhər əhalisi bundan gec xəbər tutmuşdu. Osmanlı tarixçisi İbn Kamal yazır ki, Əmir Teymurun əsgərləri heç dayanmadan, sanki heç yeyib-içmədən səhərdən axşama qədər işləyirdi. Tunel qazmaq nəticə vermiş və şəhərdəkilər müqavimətin mənasız olduğunu gördükdən sonra qalabəyi Mustafa şəhəri təhvil verməyə məcbur olmuşdu.[79] Əmir Teymur Sivası qan tökmədən alacağına söz vermişdi. Sivas alınandan sonra[80] 3–4 min ermənini qazdırdığı böyük çuxura basdırır və sözünü tutduğunu, qan tökmədiyini bildirir.[28][81] Cüzam xəstəliyi Türkistanda məlum olmadığından Əmir Teymurun göstərişi ilə xəstəlik əsgərlərinə yoluxmasın deyə cüzam xəstələri öldürülmüşdü. Sivası qoruyan İldırım Bəyazidin oğlu bir neçə gün qorunduqdan sonra öldürüldü.[82]
Əmir Teymur Sivası ələ keçirdikdən sonra çox irəliləmədi və Suriya istiqamətinə yönəldi. Sivası tutmasına baxmayaraq Malatya hələ də Osmanlıların nəzarətində idi. Özündən geridə nəzarətində olmayan yer saxlamaq istəmədiyindən geri dönərək Malatyanı almış,[79] sonra cənuba irəliləməyə davam etmişdi. Əmir Teymurun Sivas və Malatyanı tutmaqla İldırım Bəyazidə göz dağı verdiyini düşünmək olar. Belə ki, Əmir Teymur Sivası ələ keçirdikdən sonra İldırım Bəyazidə göndərdiyi məktubunda Sivas hadisələrindən nəticə çıxarmağı, özünün Elxanilər nəslindən gəldiyini və kiçiyin böyüyə itaət göstərməsinin vacib olduğunu yazmışdı.[83]
Əmir Teymurla İldırım Bəyazid arasındakı mübarizədə Sivasın alınması önəmli bir mərhələdir. Beləliklə Əmir Teymur ilk dəfə Osmanlılara tabe olan bir bölgəni ələ keçirmişdi. Sivasın zəbt olunması xəbəri İldırım Bəyazidə çatdıqdan sonra o, Konstantinopolun mühasirəsini dayandırıb Anadoluya keçdi. İldırım Bəyazidin Əmir Teymurun Anadoluya doğru irəliləyəcəyini düşünmüş olduğunu güman etmək olar. Belə ki, İldırım Bəyazid Kayseriyə gələrək burada Əmir Teymuru gözləməyə başlamışdı.