Tarixi abidələr

22ss...gYW9
1 Mar 2024
18

NUH PEYĞƏMBƏRİN MƏZARÜSTÜ TÜRBƏSİ - Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi VIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur". Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkmişdir. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə "Nəbi yurdu" adlanan yaylaq yerinin və yaxınlıqda "Nuhdaban" adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.
GƏMİQAYA RƏSMLƏRİ – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlərdən ibarətdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5–12 m olub, iri və orta həcmli qaya parçalarından qurulmuşdur) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar üzərindədir) aşkara çıxarılmışdır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Onların çoxu keçi rəsmləridir. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı, ov və rəqs səhnələri diqqəti cəlb edir. Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr – dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. 2-ci minilliyə aid Orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır.

ƏSHABİ-KƏHF ZİYARƏTGAHI” DİNİ-MƏDƏNİ ABİDƏ KOMPLEKSİ – Naxçıvan şəhərindən təqribən 12 km aralı, Haçadağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. Ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İrihəcmli mərmər lövhədən ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “Əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvari haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: “Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli- adıçəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında lövhəni yazıb qurtarmışdır”.

ƏLİNCƏQALA – Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbiət abidələrindən biridir. Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, Xanəgah kəndinin ərazisində, 1700 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir. Qalanın əsas girişi iki tərəfdən - şərq və qərb tərəfdən olmuşdur. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur. Müharibələr zamanı qalada su ehtiyatı saxlamaq məqsədi ilə qalanın müxtəlif sahələrində 10-dan çox su hovuzu tikilmişdir. Qar və yağış sularının hovuzlara toplanması üçün təpənin yuxarı hissəsində, qaya üzərində xüsusi arxlar çapılmışdır.

Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur. Azərbaycan Atabəyləri - Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artmışdır. Əlincəqalanın tarixində XIV əsrin son rübü xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərdliklə müdafiəsi ilə bağlıdır. Qala 14 il Əmir Teymu­r qoşunlarının həmləsinə sinə gərmişdir. Bu illər ərzində qalaya 4 dəfə kəskin hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilməmişdir. Əlincəqala orta əsrlər dövründə xüsusi hərbi-strateji əhəmiyyətə malik olmuşdur. Əlincəqala müxtəlif dövrlərdə Hülakülərin, Çobanilərin, Cəlairilərin, Qaraqo­yunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycan­da orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincəqala dağıdılmışdır. Bu qalanın tarixi Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mü­ba­ri­zə tarixi ilə bağlıdır. Əlincəqala mübarizlik və əyilməzlik simvoludur.

QAZANÇI QALASI – Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e. ə. 3-1-ci minilliklərin əvvəllərinə aid tarixi-arxeoloji abidədir. Qala e. ə. 3-cü minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var.Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab nümunələrindən ibarətdir. Tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.

FƏRHAD EVİ - Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir: Birinci otağın sağ küncündə quyu, ocaq yeri var. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansaray tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e.ə. 1-ci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.

NAXÇIVANQALA – Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında "Naxçıvanqala", "Köhnəqala" adları ilə tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir.

1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə Duz mədənlərində istifadə olunmuşdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə monqol işğalçıları qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar.

Qala XIX əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – Kiçikqala - Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, qaladan təxminən 2 kilometr aralı məsafədə axan Naxçıvan çayına çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir.



 


  



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.